"Xeyli adam rejimin qorxusundan müharibəni dəstəklədiyini deyib"


"Rusiyada təşəbbüsü müharibə əleyhdarları ələ alır. Vilnüsdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşı olan 500 nəfər rusiyalı siyasətçi və ictimai fəalın iştirakı ilə Azad Rusiya Konqresi keçirilir. Konqresdə Avropa Birliyi və ABŞ-dan da qonaq olaraq xeyli sayda hökumət və parlament nümayəndəsi, siyasətçi iştirak edir. Konqres iştirakçıları Putin rejimini məğlub etmək üçün Rusiya müxalifətinin birləşməsinə nail olmaq istəyirlər.
Elə bugünlərdə Rusiya müxalifətçilərinin başqa bir qrupu da keçmiş deputat İlya Ponamoryovun rəhbərliyilə Kiyevdə bəyan etdi ki, Putin hakimiyyətini silahlı yolla devirmək üçün silahlı mübarizəyə, o cümlədən Rusiya daxilində partizan müharibəsinə başlayır".
Yeniavaz.com 
xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.
"Ancaq heç şübhəsiz ki, Rusiyanın gələcəyi üçün ən həlledici proseslər Rusiyanın daxilində baş verməkdədir. 
Məşhur Levada mərkəzinin keçirdiyi sorğuya görə son 3 ayda Rusiyada müharibə tərəfdarları 24 faiz azalıb. Əgər may ayında əhalinin 72 faizi Ukrayna ilə müharibəni dəstəkləyirdisə, avqust ayında bu müharibəni dəstəkləyənlər 48 faizə düşüb. Əlbəttə, hazırkı sərt repressiya şəraitində Rusiyada tam obyektiv sorğu mümkün deyil. Ona görə də bilməliyik ki, son sorğuda müharibə tərəfdarlarının 48 faiz olması da obyektiv nəticə deyil. Xeyli adam rejimin qorxusundan müharibəni dəstəklədiyini deyib. 
Ancaq son sorğuda əsas diqqət çəkən məqam odur ki, cəmi 3 ay ərzində Rusiyada müharibəni dəstəkləyənlər üçdə bir qədər azalıb. Başqa sözlə Ukraynaya qarşı müharibəni dəstəkləyən hər 3 rusiyalıdan biri son 3 ayda fikrini dəyişib və müharibəni artıq dəstəkləmir. 
Rusiya Ukrayna ilə savaşda hələ ciddi məğlubiyyətə uğramayıb. Ukrayna indiyə qədər hələlik ona nail olub ki, Rusiya ordusunun hücumlarını durdurub və  Rusiya ordusuna ağır itkilər verdirib. Ukrayna Rusiyaya qarşı əks-hücuma hələ yeni başlayıb. Ukraynanın döyüş meydanlarında real qələbəsi də, savaşda Ukraynanın xeyrinə əsaslı dönüşün yaranması da, Rusiyaya qarşı tətbiq olunmuş iqtisadi sanksiyaların ağrılı nəticələri də hələ qarşıdadır. Rusiyada əgər indidən müharibəni dəstəkləyənlər 50 faizdən də  azdırsalar, gözlənilən ciddi hərbi uğursuzluqdan sonra Rusiyada hakimiyyət əleyhdarları çox güclənəcək və Rusiya avtoritarizminin sonu gələcək", - Ə. Kərimli qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top