Şagirdlərin məktəbə adaptasiyası üçün nə etmək lazımdır?


Bu yazımızda adaptasiyadan söhbət açacağıq. Adaptasiya latın mənşəli sözdür, mənası uyğunlaşma deməkdir.
Şagirdlər üç aylıq isti yay tətilini geridə qoyub məktəbə başlayanda, təbii ki, bir çoxu adaptasiya problemi yaşayır. Uzun və isti yay tətili, əyləncələr, dostlarla çoxlu vaxt keçirmək, gecə gec saatlarda yatmaq, proqramsız həyat və s. bütün bunlar arxada qalır. Birdən-birə istər-istəməz rejimə əməl etməlisən, artıq konkret saatlarda yuxudan oyanmalısan, gecə tez yatmalısan. Sinifdə dərs saatlarında oturub dərs dinləməli, anlamalı və evə verilən tapşırıqları vaxtında həll etməlisən.
Bütün bunlar tətildən qayıtmış abituriyentə ağır gələ bilər və gəlir də.
Tətildən sonra şagirdlərə dərsə adaptasiya olmaq üçün təxminən bir həftə vaxt lazımdır. Bu vaxt ərzində şagird bütün fikrini dərslərə verməli, özünə müəyyən dərs proqramı yazmalı və ona əməl etməyə çalışmalıdır ki, adaptasiya dövrü uzun sürməsin.
Hər şey insanın özündə başlayır. Ümumiyyətlə, insan öz beyninə adaptasiya olmaq üçün icazə verməlidir. Belə düşünməlidir: Mən tətili bitirdim, artıq dərs prosesi başlayır, öz gələcəyim naminə dərslərimi oxumalıyam. Özümə icazə verirəm ki, adaptasiya olum. Bu özünə təlqindir.
Eyni zamanda valideynlər də bu prosesdə məsuliyyət daşıyır. Çünki təlim-tərbiyə, nizam-intizam ailədə başlayır və məktəbdə davam edir. Valideynlər adaptasiya mərhələsində övladlarına dəstək olmalı, səbir və şəfqətlə yaxınlaşmalıdırlar. Xoşbəxt və özgüvənli uşaqlar xoşbəxt ailələrin aynası, yaxşı valideynlərin göstəricisidir.

Təhsil eksperti, BSU-nun doktorantı, Zəka Kurslarının direktoru Rafiq Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top