Ordu Bağdada daxil oldu - Onlarla ölü, yüzlərlə yaralı var


Xəbər verdiyimiz kimi, İraqda nüfuzlu şiə imamı Müqtəda əs-Sədrin tərəfdarları Bağdadda hökumətin “yaşıl zona”sında (dövlət institutlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi yaxşı möhkəmləndirilmiş ərazi - red.) yerləşən Respublika Sarayına basqın ediblər. Sarayda təhlükəsizlik qüvvələri ilə Müqtəda əs-Sədrin hakimiyyətdən getməsinə etiraz edən tərəfdarlar arasında qarşıdurma yaşanıb.
Yeniavaz.com
xəbər verir ki, bütün ölkədə tətbiq edilən komendant saatına baxmayaraq, vəziyyət gərgin olaraq qalır.
Bağdadın “yaşıl zona”sında nüfuzlu şiə imamı Müqtəda əs-Sədr hərəkatının tərəfdarları ilə İraq təhlükəsizlik qüvvələrinin nümayəndələri arasında şiddətli toqquşmalar davam edir.
Son məlumatlara görə, İraq paytaxtının mərkəzində silahlı toqquşmalar zamanı azı 20 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Daxil olan məlumatlara görə, Bağdadın mərkəzində azı 7 partlayış baş verib, bir neçə minaatan mərmisi partlayıb, pulemyotlardan atəş açılıb. “Yaşıl zona”da yerləşən ABŞ-ın İraqdakı səfirliyi minaatanlardan atəşə tutulub.
İraq nizami ordusunun bölmələri şəhərə daxil olub, Saraya əs-Salamın (Sülh Briqadaları) yarımhərbi birləşmələri federal təhlükəsizlik qüvvələrinə kömək etmək üçün “yaşıl zona”ya daxil olublar. “Əl-Ərəbiyyə” telekanalı toqquşmalarda iki İraq əsgərinin həlak olduğunu bildirib.
Etirazçılar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds Xüsusi Qüvvələrinin komandanı general Qasım Süleymaninin və 2020-ci ildə İranyönlü qüvvələrin ölkədəki təsirinə etiraz olaraq Bağdadda öldürülən İraq şiə “Əl-Həşd əş-Şaabi” milislərinin sədr müavini Əbu Mehdi əl-Mühəndisin portretlərini yandırıblar.
Qeyd edək ki, İraqın siyasi həyatından çəkildiyini elan etməsi etiraz hərəkatı dalğasına səbəb olan radikal şiə imamı Müqtəda əs-Sədr düşərgədəki zorakılıqlar dayandırılana qədər aclıq aksiyasına başlayıb. Bağdadda nümayişlərin qızğın vaxtında baş nazir əl-Kazimi ondan asayişi bərpa etmək üçün kömək istəyib.

DİGƏR XƏBƏRLƏR

Top