Sabunçu Rayon Polis İdarəsinin və 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumatlar əsasında ötən gün Ramana qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin Ramana qəsəbəsində satışını təşkil ediblər.
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının ötən gün Maştağa qəsəbəsində həyata keçirdikləri əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum edilmiş Rasim Əliyev də tutulub. Onun həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək satmaq məqsədi ilə yetişdirdiyi 16 ədəd çəkisi 3 kiloqram olan çətənə kolu və 311 qram qurudulmuş marixuana aşkar edilib.
Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən avqust ayı ərzində rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqram heroin, marixuana, tiyək və psixotrop maddə olan metamfetamin, eləcə də 142 ədəd çəkisi 15 kiloqram olan çətənə kolları aşkar olunub. Aşkar edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 10-u barəsində məhkəmə tərəfindən həbs, 23-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
"Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.