"Bakı Metropoliteni"ndə hər gün xəttə neçə qatar buraxılır? - Açıqlama


"Bakı Metropoliteni"ndə sərnişindaşıma prosesinə cəlb olunan 305 vaqon və yaxud 61 qatar var. Bu qatarlardan 19-u ən son modelli hesab olunur. Vaqonların istismar müddəti yeni nəsil qatarlarda 30, köhnələrdə isə 31 ildir. Bu müddət tamam olmamış normativ tələblərə uyğun olaraq həmin vaqonlar xətdən çıxarılmır. İllərin təcrübəsi də göstərir ki, vaxtında texniki baxış, qulluq, təmir işləri aparıldıqda vaqonlar istismar müddətini başa vuran ana qədər xətdə olurlar".

Yeniavaz.com xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov musavat.com-a deyib.

O bildirib ki, bu vaqonların yeniləri ilə əvəz olunması, yaxud yeni qatarların gətirilməsi 2 vacib prosesi özündə ehtiva edir:

"Metropoliten xətləri böyüdükcə, yeni stansiyalar inşa olunduqca zərurət yarandığı təqdirdə yeni vaqon və qatarlar alınır. İkinci vacib şərt vaqonların istismar müddətini başa vurmasıdır. Hazırda "Bakı Metropoliteni" 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq bu il 4 qatar tərkibi almalıdır. Həmin vaqonların istehsal prosesi davam edir. Sentyabrda "Bakı Metropoliteni"nin nümayəndələri həmin qatarlardan birinin texniki təftişi, sınaqları və qəbulu üçün Moskvaya gedəcək, qatarlar Bakıya gətiriləcək. Bundan əlavə, "Bakı Metropoliteni" köhnə nəsil qatarlarla bağlı bütün texniki nüansları araşdırır, 2017-ci ildən bu tip qatarlar tam avtomatlaşdırılır. Ən son qatarlarda tətbiq olunan yeniliklərin böyük əksəriyyəti bu vaqonlarda da tətbiq olunur. Lakin araşdırma onu da göstərir ki, həmin qatarlara kondisionerlərin quraşdırılması faktiki olaraq texniki cəhətdən qeyri-mümkündür. Bunu hətta istehsalçı müəssisə özü də xüsusi rəyində qeyd edib. Dünyada vaqonqayırma sənayesi, xüsusən informasiya-kommunikasiya texnologiyaları, havalandırma sistemləri ilə bağlı ən son nailiyyətlərin hər biri öyrənilib. Nümunə kimi qeyd edə bilərəm ki, 1 vaqonun kondisioner sisteminin quraşdırılması üçün 2 xüsusi irihəcmli soyuducu çənlər quraşdırılmalıdır. Bu səbəbdən qatarın elektrik sistemi tamamilə dəyişdirilməlidir. Bu sistemin quraşdırılması və 2 çənin qoyulması o deməkdir ki, vaqonun tarazlıq prinsipləri, onun konstruktiv dəyişiklikləri aparılmalıdır. Belə olduqda yeni qatarın istehsalı prosesinə bərabər bir texnoloji proses gündəmə gəlir. Bu səbəbdən yeni kondisionerin quraşdırılması faktiki olaraq texniki cəhətdən yerinə yetirilmir.

Metropoliten xətlərində 61 qatarın hər biri hər gün dövr etmir. Metro xətlərində bugünkü texniki imkanlar çərçivəsində 40-46 marşrut üzrə qatarlar hərəkət edir. Bu isə xətdə daimi olaraq 40-46 qatarın olması deməkdir. Bu qatarlardan 19-u davamlı olaraq yenidir. Bütün qatarların depoya verilməsinin 2 vacib şərti var. Birinci, qatarlar 8-20 saat xətdə olduqdan sonra mütləq şəkildə texniki baxış üçün depoya verilməlidir. İkinci vacib məqam ondan ibarətdir ki, bizim şəxsi nəqliyyatımızdan fərqli olaraq Metropolitendə qatarlar qət etdiyi məsafədən asılı olaraq mütləq qaydada təmir və qulluğa dayandırılmalıdır. Bu nüanslar Metropolitendə ciddi nəzarət altında və daim təmin olunur. Qatarlar təmir üçün də depoya verilir. Bu hallar istisna olmaqla yeni qatarların hər biri mütləq qaydada gün ərzində xətdə olur. 4 yeni qatarın alınması ilə faktiki olaraq gələn ilin yay dövrü üçün artıq Metropoliten xətlərində olan vaqon parkının 50 faizə yaxını tamamilə yenilənmiş hesab oluna bilər".

DİGƏR XƏBƏRLƏR

Top