Sosial media nə üçündür və necə istifadə olunmalıdır?


Bildiyimiz kimi, texnologiya günü-gündən inkişaf edir və bu dövrümüzdə hər yaş qrupunda olan insanların marağını cəlb etməyi bacaran, bəlkə də ən əhatəli konsepsiyadır.
Son illərdə həyatımızı texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Artıq demək olar ki, həyatımızın bir çox sahəsində iş görə bilmək üçün internetdən istifadə edirik. Bu da bizim ağıllı telefonlardan istifadə etməyimizi zəruri edir.
İnternet resurslarından istifadə edərkən istər-istəməz sosial medianı təqib etmək, bəzi qruplara qoşulmaq zərurəti yaranır.
Beləliklə, internet, sosial media, ağıllı telefonlar bizim həyat tərzimizin bir parçasına çevrilir.
İnsanlar ən çox "facebook", "instagram", "whatsapp", "tik-tok", "youtube" sosial media hesablarından istifadə edirlər.
Bu sosial media hesablarından istifadə edərkən ölçülü davranmaq lazımdır, əks təqdirdə zərərləri qaçınılmaz olacaq.

Sosial medianın həyatımıza faydaları:
1. Biz sosial media, internet üzərindən müəyyən seminarlara, konfranslara qoşula bilər, onlayn bakalavr, magistr və s. təhsillər ala bilərik.
2. Evdə oturaraq internet üzərindən müəyyən işlərdə çalışıb gəlirimizi artırmaq, həyat standartlarımızı yüksəltmək mümkündür.
3. Sosial media hesabları üzərindən dostlarımız və doğmalarımızla görüşüb danışa, onları xoş günlərində təbrik edə bilərik.
4. PDF kitablar endirib oxumaq, elmi araşdırmalar etmək üçün faydalıdır.
5. Mədəni səviyyəmizi və dünyagörüşümüzü artıran videolar izləyə bilərik.
6. Sosial media hesablarından problemimizin daha tez həll olunması üçün istifadə etmək mümkündür.

Sosial media hesabları düzgün istifadə olunmazsa, insana zərərləri qaçınılmazdır:
1. Sosial media rəqabət, qısqanclıq hisslərini körükləyir, insanlar bəyəni sayının, təqibçinin çox olması üçün müxtəlif hərəkətlər, təşkilati işlər görürlər.
Və yaxud da gəzdiyi yerləri, yedikləri yeməkləri, sürdükləri maşınları paylaşırlar. Bu da onu edə bilməyən insanlarda qısqanclıq, yetərsizlik duyğusu yarada, özünə inamı zəiflədə bilər.
Eyni zamanda çox təqibçi toplamaq, bəyəni almaq istəyən adam da nəticə almayanda özünə qapana, depressiyaya düşə bilər.
2. Bəzi şəxslər sosial mediada saxta hesablar açır, digərlərinə dostluq göndərir. Zamanla bu hesablar vasitəsilə şəxsi bilgilərinizi ələ keçirə və sizi şantaj edə bilərlər.
3. Adı sosial media olsa da, bu fəaliyyət növü gəncləri aktiv həyatdan təcrid edir. Çöldə dostları ilə keçirdiyi vaxtı məhdudlaşdırır, onu ailəsindən uzaqlaşdırır.
4. Sosial mediada həddindən artıq vaxt keçirmək insanı hərəkətsiz edir. Nəticədə insan artıq çəki alır və sağlam olmayan həyat keçirir.
5. Sosial mediada yazışmaya çox üstünlük verildiyi üçün yaza bilən, ancaq nitq qabiliyyəti olmayan gənclərin sayı artır.
6. Bəzən gənclər sosial mediada münasibət qurduqları adamlarla çox səmimi olurlar. Onlara özlərinin məhrəm hallarının video və yaxud şəkil görüntülərini göndərirlər. Həmin materiallar sonradan istəyərək və ya istəməyərək sosial mediada yayılır. Nəticədə həmin şəxs ciddi psixoloji travma alır.
7. Övladınız intihara və zərərli vərdişlərə sövq edən oyunlar oynaya bilər.

Sosial medianın zərərlərindən necə qorunmaq olar:
1. Kompüter və televizor oturduğumuz, hamının görə biləcəyi otaqda olsun, ekranı tam otağın ortasına baxsın. Beləliklə, ümumi hər kəsə açıq olan yerdə heç kim uyğunsuz səhnələr izləməz.
2. Telefonların menyusunda “Digital Sağlıq və Valideyn nəzarəti” (dili türkçə olan telefonlarda belədir: “Diğital Sağlık və Ebeveyn denetimi”) bölməsi var. Oraya daxil olaraq övladınızın sosial mediada nə qədər vaxt keçirdiyini görə bilərsiniz.
3. Övladınızın telefonunda “youtube”, “google” və s. Media hesablarının axtarma keçmişlərinə baxaraq onun nələri, kimləri təqib etdiyini bilə bilərsiniz.
4. Sosial media hesablarınızın sayını ən az ikiyə endirin. Bunların içindən sizə ən çox fayda gətirənini saxlayın.
5. Yemək yeyərkən sosial mediadan, ümumiyyətlə, ekrandan az istifadə edin.
6. Günə sosial media ilə başlamayın, başqasının nə etməsindən çox, özünüzlə maraqlanın. Bu gün nə edəcəyəm, hansı məqsədim var və s.
7. Övladınızın hansı məktəbdə oxuduğunu paylaşmayın. Özünü müdafiə edə bilməyən uşağı məktəb çıxışında təhlükəyə ata bilərsiniz. Pis niyyətli insanların hədəfi ola bilər.
8. Sosial media hesablarında uşaqların yaş aralığına görə filtr qoymaq olar. Məsələn: Övladınızın 10 yaşı varsa, Youtubedə onun yaşına uyğun video və məlumatları seçərək izlətmək olar.
9. Övladınızın sosial media üzərindən oynadığı oyunları mütləq bilməli və nəzarət etməlisiniz. Əgər bu oyunlar zərərlidirsə, övladınızla danışaraq zərərlərini uyğun dildə izah edərək, onu razı salaraq oyunu silmək olar.
10. Zərərli saytları “Wi-fi” üzərindən blok etmək məsləhət görülür.

Təhsil eksperti, BSU-nun doktorantı, Zəka Kurslarının direktoru Rafiq Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top