Xankəndidə partlayış və yanğın niyə baş verib?


Azadlıq Radiosunun Erməni xidməti Qarabağ separatçılarına istinadən bildirib ki, Xankəndidə mərmilər sonradan metal qırıntısına çevirmək üçün anbarlanmışdı.

Bunun nəticəsində iki gün əvvəl (avqustun 25-də) şəhərdə partlayış olub və yanğın baş verib. Heç kimin xəsarət almadığı bildirlir.
Azatutuyunun Xankəndinin “polis rəisi” kimi təqdim etdiyi Boris Calavyan deyib:
“Ora əlvan metalların qəbulu məntəqəsidir. Mərmilər ora sursat kimi yox, metal kimi verilib... Nəzərə alınıb ki, bu mərmilərin içi təmizlənməyib. Onları ayrıca yığıblar ki, sonradan içindəki partladıcıları çıxarıb zərərsizləşdirsinlər və metal kimi təhvil versinlər”.
Calavyanın sözlərinə görə yanğın və partlayışlarla əlaqədar Xankəndinin 4 sakini saxlanıb. Onların arasında mərmiləri təhvil verən şəxs də var.
Azatutyun yazır ki, Xankəndidə hazırda özəlləşdirilmiş keçmiş yaylıq fabrikinin binasını bir neçə təsərrüfat icarəyə götürüb.
Burada oksigen istehsalı, plastik pəncərə sexləri və metal qırıntısı məntəqəsi var.

“Qeyri-adi biznes”
Partlayışdan sonra məlum olub ki, burada həm də çox sayda sursat, o cümlədən döyüş sursatı saxlanıb.
Azatutyunun yazdığına görə bu “qeyri-adi biznesin” sahibləri mərmilərin içərisindəki partladıcıları çıxarır və onu metal kimi pula satırmışlar.
Xəbər verilir ki, partlayan da elə zərərsizləşdirilməmiş mərmilər olub. Bu da qeyd olunur ki, qanunsuz sursat anbarının yerini yalnız bu bizneslə əməkdaşlıq edənlər biliblər.
Calavyan deyib:
“Əgər bundan xəbərimiz olsaydı, bundan əvvəl müvafiq tədbirlər görülə bilərdi. Məlum deyildi və hətta heç kimin ağlına gəlməzdi ki, döuyüş sursatı metal kimi təhvil verilə bilər”.
O əlavə edib ki, yanğının səbəbləri araşdırılır.
Separatçı rejim əvvəlcə bildirmişdi ki, oksigen sexində yüksək təzyiq balonları partlayıb. Lakin polis qanunsuz sursat anbarı versiyasının üstündə dayanıb.
Calavyan deyib ki, 44 günlük müharibədən sonra ərazidə çox sayda partlamamış mərmi qalıb.

DİGƏR XƏBƏRLƏR

Top