"Rəis müavini dedi ki, nəticə olmasa da, xeyli iş görülüb"


“Qısaca, dedilər ki, baxmayaraq ki, cinayətkar(lar) tapılmayıb, amma xeyli iş görülüb. Əminliklə bildirdilər ki, sadəcə zaman məsələsidir, mütləq tapılıb, məsuliyyətə cəlb olunacaq”.

Bu sözləri yaşadığı binanın liftində bıçaqlı hücuma məruz qalan tanınmış jurnalist Aytən Məmmədova, işlə bağlı hüquq-mühafizə orqanlarında gedən əməliyyat-istintaq prosesləri barədə Yeniavaz.com-a danışarkən deyib.
A.Məmmədova bildirib ki, o, sonuncu dəfə iyulun 22-də əməliyyat-istintaq qrupunun rəhbərinin qəbulunda olub:
“Mənim işim üzrə istintaq Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi rayon Polis İdarəsində birgə aparılır. Əməliyyat-istintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərovdur. O, məni mütəmadi qəbul edir və istintaqın gedişi, görülən işlər barədə məlumatlandırır.
Sonuncu dəfə iyulun 22-də mən vəkilimlə birlikdə onun qəbulunda olmuşam. Mənə bildirildi ki, nəticə olmasa da, xeyli işlər görülüb. Həmin əməliyyat-istintaq işlərindən açıqlaması mümkün olan şeyləri - ola bilsin ki, məxfi şeylər də var, hansı ki, onları mənə açıqlamırlar - mənə açıqladılar. Məsələn, bizim blokun girişindəki kamera işləmirdi. Bu məsələni araşdırıblar ki, təkcə hadisə olan vaxt deyil, bir neçə ay əvvəldən işləmirmiş. Mənim kimsə tərəfindən izlənib-izlənilməməyim məsələsi də araşdırılıb, onların öz üsulları ilə, mən bilmirəm. Sonra mənim bəzi şübhələrim var idi, onlarla bağlı da araşdırma aparıldığı bildirildi. Qısaca, dedilər ki, baxmayaraq ki, cinayətkar(lar) tapılmayıb, amma xeyli iş görülüb. Əminliklə bildirdilər ki, sadəcə zaman məsələsidir, mütləq tapılıb, məsuliyyətə cəlb olunacaq”.
Jurnalist qeyd edib ki, o, iyun ayında da, iyul ayında da qəbul ediləndə ona eyni cavablar verilib:
“Məni iyul ayında qəbul etdikləri kimi, iyun ayında da qəbul etmişdilər. Orada hətta mənim işimlə bağlı əməliyyat müşavirəsi də keçirdilər. Mən də müşavirədə iştirak etmişdim, eyni şeyi deyirdilər, sonradan da eyni şeylər... Keçən dəfə vəkillə getməmişdim, amma bu dəfə vəkillə getmişdim. Mənə bildirildi ki, adətən, çox ağır işlərdə bu qədər əməliyyat-istintaq tədbirləri görülür, ənim işim onlar üçün aktualdır, heç zaman arxa plana keçirmirlər, açılması zaman məsələsidir, mütləq açılacaq”.
A.Məmmədovanın sözlərinə görə, sonuncu dəfə avqustun əvvəlində ona polis idarəsindən zəng gəlib:
“Mən bir müddət əvvəl burda yox idim. Həmin vaxt mənə Binəqədi Rayon Polis İdarəsindən zəng gəlmişdi. Mən onlara yazdım ki, ölkədə yoxam. Amma bilmədim ki, həmin vaxt məni nəyə görə axtarırdılar. Bu hadisə avqustun ilk on günlüyündə, əvvəlində olub. Ölkəyə qayıtdıqdan sonra da heç bir məlumat verilmədi”.
Jurnalist əlavə edib ki, başına gələn hadisədən sonra onda fobiya yaranıb:
“İstədiyim odur ki, hadisəni törədən tapılsın. Və məni əmin edirlər ki, zaman məsələsidir, mütləq tapılacaq. Onun tapılması mənim üçün müəyyən dərəcə qorxularımın da aradan qaldırılması deməkdir. Artıq bu hadisədən sonra məndə fobiya yaranıb. Elə bilirəm ki, o adam elə ətrafımdadır. Təbii ki, ağılla, məntiqlə başa düşürəm ki, belə deyil, amma hislərlə bunu anlamaq bir az çətindir”.
Qeyd edək ki, Aytən Məmmədova may ayının 8-də Binəqədi rayonunda, yaşadığı binanın liftində bıçaqlı hücuma məruz qalıb. Jurnalist hadisədən sonra ona qarşı edilən bıçaqlı hücumun birbaşa peşə fəaliyyəti ilə bağlı olduğunu bidirib. O, Tovuzun Dondarquşçu kənd sakini Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəmə proseslərini işıqlandırdığı üçün daha əvvəl də təhdidlərlə üzləşdiyini deyib.
Artıq Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalmasından 2 aydan çox vaxt keçsə də, saxlanılan yoxdur.

Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top