Bərdədə “Uğur qazananlar” adlı tədbir keçirilib - Fotolar


Bərdə rayon Mədəniyyət Mərkəzində 26 avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə “Uğur qazananlar” adlı tədbir təşkil olunub.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, Bərdə “ASAN xidmət” Mərkəzinin rəhbərliyi, ASAN könüllüləri, regional idarə üzrə aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri və çoxsaylı muğamsevərlər iştirak edib.
Giriş sözü ilə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Azərbaycanın xalq musiqisi və muğam sənətinin tarixi zənginliyi və müasir inkişaf yolu barədə ətraflı məlumat verib.
Bildirib ki, Azərbaycan muğamının müasir tarixdə uğurlu inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. UNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
Tədbirin davamında Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Muğam” Televiziya Müsabiqəsinin müxtəlif illərdəki iştirakçılarının çıxışları dinlənilib.
Belə ki, III “Muğam” Televiziya Müsabiqəsinin II yerin qalibi Asim Abbasov, V “Muğam” Televiziya Müsabiqəsinin laureatı Misir Məmmədov, VII “Muğam” Televiziya Müsabiqəsinin laureatı Zibər Zamanova, VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibi Fuad Əzizzadə, II yerin qalibi Ülkər Abdullayeva, müsabiqənin laureatları Tahir Şəfiyev, Əmrah Məmmədov, Sabir Hüseynov və Məhəmməd Əlizadənin ifasında muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib, tanınmış Azərbaycan şairlərinin yaradıcılıqlarından şeir nümunələri söylənilib.
Sonda gənc muğam ifaçılarına regional idarə tərəfindən Fəxri fərman və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.



Esmira Hidayətova, Bərdə

DİGƏR XƏBƏRLƏR

Top