Aksiz dərəcəsinin artması yanacağın qiymətinə necə təsir edəcək? – Rəqəmlər


Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən “Aİ-92” markalı avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5%-ə, dizel yanacağının aksiz dərəcəsi isə 18%-dən 18,3%-ə qaldırılıb.
Yeniavaz.com
benzin və dizelin aksiz dərəcəsinin qaldırılmasının satış qiymətlərinə necə təsir edəcəyini araşdırıb.
Bildiyimiz kimi, Azərbaycanda benzinin maya dəyəri rəsmi şəkildə açıqlanmır. Yalnız istehsalçı şirkətdən (SOCAR) çıxış qiyməti (şirkətdaxili tarif) qeyd olunur. Hazırda 1 litr “Aİ-92” markalı benzin şirkətdaxili qiyməti 53 qəpiyə, dizelin şirkətdaxili qiyməti isə 48,9 qəpiyə bərabərdir.
Nazirlər Kabinetinin qərarına əsasən “Aİ-92” markalı benzin şirkətdaxili qiymətinin üzərinə 42,5% aksiz vergisi (22,4 qəpik) və 1,3 qəpik təchizat (daşınma) tarifi əlavə olunacaq. Nəticədə satışa çıxarılan 1 litr benzinin şirkətdaxili qiyməti rüsumlar və təchizat xərclərilə birgə 76,7 qəpik olacaq. 
Topdansatış məntəqəsində “Aİ-92” markalı benzinin 1 litrinin qiyməti üzərinə ƏDV (13,8 qəpik) əlavə edildikdən sonra 90,5 qəpiyə satılacaq. Bundan sonra topdansatış qiymətinin üzərinə isə hər litr üçün 2 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa veriləcək. Pərəkanda satış məntəqləri (YDM-lər) isə “Aİ-92” markalı benzinin hər litrinin qiymətinə 7,5 qəpik əlavə edərək 1 manata satışa çıxaracaqlar.  
Dizelin şirkətdaxili qiymətinin üzərinə isə 18,3% aksiz vergisi (9 qəpik) və 1,5 qəpik təchizat tarifi əlavə olunacaq. Nəticədə topdansatış məntəqəsinə daxil olan dizelin 1 litrinin qiyməti 69,6 qəpik (ƏDV ilə birgə) olacaq. Topdansatış qiymətinin üzərinə isə hər litr üçün 2 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa veriləcək. Pərəkanda satışda isə dizelin 1 litri 80 qəpiyə satılacaq. 
Rəqəmlərdən də göründüyü kimi, aksiz dərəcələrinin artırılması benzin və dizelin istehsal prosesi zamanı çəkilən xərclərdə (daşınma, işçi qüvvəsi və s.) ciddi dəyişikliyə səbəb olmayacq.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top