Monteneqro hökuməti buraxıldı


Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət etimadsızlıq səsverməsi nəticəsində buraxılıb.

Yeniavaz.com xəbər verir ki, Monteneqro parlamentinin 14 saatlıq növbədənkənar iclasında 51 deputat iştirak edib. İclas çərçivəsində keçirilən etimadsızlıq səsverməsində deputatlardan 50-si hökumətin buraxılmasının lehinə, parlamentin sədri Daniyela Dyuroviç isə əleyhinə səs verib.

Qeyd edək ki, avqustun 3-də Baş nazir D.Abazoviçin Serb Pravoslav Kilsəsi Patriarxı Porfiriya ilə Monteneqroda Serb Kilsəsinə rəsmi statusun verilməsi ilə bağlı fundamental razılaşma imzalayıb. Razılaşma D.Abazoviç hökumətinin koalisiya tərəfdaşları, eləcə də Monteneqro Prezidenti Milo Cukanoviçin rəhbərlik etdiyi əsas müxalifət partiyası olan Monteneqro Sosialistləri Demokratik Partiyası tərəfindən etirazla qarşılanıb, hökumət tənqid hədəfinə tuş gəlib və etimadsızlıq səsverməsinin keçirilməsi təklif edilib.

Xatırladaq ki, “URA Xalq Hərəkatı”nın lideri D.Abazoviçin rəhbərliyi ilə cari il aprelin 28-də qurulan hökumət parlamentdəki 81 deputatın 45-nin “hə” səsini aldıqdan sonra vəzifəsinin icrasına başlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top