Putin və Zelenski noyabrda görüşə bilərlər


Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Balidə (İndoneziyaya məxsus ada) keçiriləcək G20 sammitində şəxsən iştirak etməyi planlaşdırırlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ötən gün “Bloomberg”ə müsahibəsində İndoneziya prezidenti Coko Vidodo bildirib.
“Si Cinpin gəlir. Prezident Putin də mənə dedi ki, gələcək”, - Vidodo deyib.
İndoneziya prezidenti həmçinin bildirib ki, böyük ölkələrin liderləri arasında dialoq üçün kifayət qədər yer olmalıdır.
Çin Xarici İşlər Nazirliyi agentliyin dövlət başçısının səfər planları ilə bağlı şərh istəməsinə cavab verməyib. Qeyd olunur ki, Si Cinpin 2020-ci ildə koronavirus pandemiyası başlayandan bəri ölkə xaricinə səfər etməyib.
Ötən gün Kremlin mətbuat xidməti isə bildirib ki, Putin Vidodo ilə telefonla danışıb, o cümlədən Balidə G20 sammitinə hazırlıq məsələsini müzakirə edib.
Xatırladaq ki, G20-nin rəhbəri olan İndoneziya prezidenti Coko Vidodo daha əvvəl Ukrayna lideri Volodimir Zelenskini G20 sammitinə dəvət edib. Bu barədə Zelenski aprelin 27-də sosial şəbəkə hesabında paylaşım edib.
Bu isə onu deməyə əsas verir ki, hər ikisinin iştirak edəcəyi tədbirdə Volodimir Zelenski və Vladimir Putin arasında görüş baş tuta bilər.
Qeyd edək ki, G20 sammiti 15-16 noyabrda İndoneziyanın Bali adasında baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top