Rusiyanın yeni silahı "robot it" məsxərəyə qoyuldu - Video


Bu həftə Rusiyanın paytaxtı Moskvada keçirilən silah sərgisində tank əleyhinə silahlardan atəş açan robot it Rusiyanın ən diqqət çəkən yeni silahı olub.
Yeniavaz.com
xəbər verir ki, RİA Novosti xəbər agentliyinin paylaşdığı nindza paltarı geyinmiş robot itin videosu da sosial mediada böyük səs-küyə səbəb olub. Üzərində tank əleyhinə silah olan robot it, əslində kamera olan gözləri ilə ətrafdakı hədəfləri müəyyən edə bilir. Dörd ayaq üstə hərəkət edə bilən və yerdə sürünə bilən robot itin yaradıcıları, robotun silahların daşınmasında istifadə edilməsinin planlaşdırıldığını deyiblər. Qeyd olunub ki, fövqəladə hallarda xilasetmə əməliyyatlarında da istifadə oluna bilər.
Rusiya prezidenti Vladimir Putin Ordu-2022 Sərgisinin açılışındakı çıxışında Rusiya silahlarının modernləşdirilməsini yüksək qiymətləndirərək, “Bizim silahlarımızın bir qismi Qərbdəki silahları qabaqlayır”, - deyib.
Digər tərəfdən, bəzi sosial şəbəkə istifadəçiləri robot itin əslində rus deyil, Çin istehsalı olduğunu iddia edib. Bəzi istifadəçilər də robot itin oyuncağa bənzədiyini və qorxulu silah olmaqdan uzaq olduğunu bildirərək onu məsxərəyə qoyublar.
Müzakirələrdən sonra rus istehsalçısı da robotda Çin texnologiyasından istifadə olunduğunu təsdiqləyib.
Robot itlər istehsal edən Çinin “Go1” şirkəti Rusiya yarmarkasında təqdim edilən robotun ona aid olub-olmaması ilə bağlı açıqlama verməsə də, robotlarının yalnız mülki məqsədlər üçün istifadə edildiyini açıqlayıb.
Çinin “Unitree” şirkəti Rusiyaya məhsul satmadıqlarını və robotlarının hərbi məqsədlər üçün istifadəsinə qarşı olduqlarını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top