DİN-dən bugünkü oyuna "qara bazar"da bilet satanlara - Xəbərdarlıq


Daxili İşlər Nazirliyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün Bakıda keçiriləcək "Qarabağ"-"Viktoriya" oyununa qanunsuz bilet satışı ilə bağlı ilə bağlı xəbərdarlıq edib.
Yenivaz.com
xəbər verir ki, bu barədə DİN-in KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Offsideplus.az-a açıqlama verib. O bildirib ki, "qara bazar"da bilet satılması məsələsindən xəbərdardırlar və həmin şəxslərə qarşı ciddi tədbirlər görüləcək:
"Bu məsələ diqqət mərkəzindədir. Daxil olan məlumatlara çevik reaksiya verilir və həmin şəxslər müəyyən olunaraq barələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görülür. Tədbirlər oyun günü də davam etdiriləcək. Bununla bağlı ərazi üzrə polis orqanlarına müvafiq göstərişlər verilib".
Qeyd edək ki, son iki gün ərzində azarkeşlər istər sosial şəbəkələrdə, istərsə də kassaların qarşısında bilet satışı ilə bağlı narazılıqlarını dilə gətirirlər. Belə ki, biletlər "iticket.az" saytında satışa çıxdığı vaxtdan qısa müddət sonra adıçəkilən portala girişdə problem əmələ gəlib. Əksər vətəndaşların hesabından müəyyən vəsait silinsə də, onlara biletin alınmasıyla bağlı təsdiq mesajı gəlməyib.
Bəzi şəxslərin əlində cəmlənən biletlər isə adətən oyun vaxtı insanlara dəyərindən qat-qat baha qiymətə satılır. Bu hallarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə əsasən, həmin şəxslər məsuliyyət daşıyırlar. Bu işbazları müvafiq qaydada 700 manatdan 6000 manatadək cərimə gözləyir.
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 20:45-də başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top