Mingəçevir Dövlət Universitetindən yenilik - Fotolar


Bu gün Mingəçevir Dövlət Universitetinin yeni korporativ stili (loqosu, rəngləri, missiya və vizyonu) və yenilənmiş saytı ictimaiyyətə təqdim olunub.
Yeniavaz.com
xəbər verir ki, təqdimatı MDU-nun rektoru Şahin Bayramov edib.
Bu məqsədlə keçirilən tədbirdə iştirak edən təhsil nümayəndələri, yerli media nümayəndələri, tərəfdaşlar, məzunlar, tələbələr məlumatlandırılıblar.
Şahin Bayramov qeyd edib ki, Mingəçevir təhsili həmişə güclü olub:
“Mən özüm də bu şəhərin yetirməsiyəm. Bu baxımdan istəyimiz də odur ki, şəhərimizdə bir universitet var və niyə bu da güclü olmasın?”
Şahin Bayramov brendləşmə işinin çox vacib nüans olduğunu diqqətə çatdırıb. Bildirib ki, mədəniyyətin formalaşması, hansısa bir müəssisənin fərqləndirilməsi baxımından brendin olması çox vacibdir. Rektor onu da vurğulayıb ki, qarşıdakı illərdə çox saylı fəaliyyətlər olacaq. Rektor tədbirdə yeni yaradılan sayt barədə də geniş məlumat verib.
Yeniliklə bağlı Yeniavaz.com-a açıqlama verən Şahin Bayramov bildirib ki, həm brend, həm də veb sayt qabaqcıl dünya universitetlərinin təcrübəsinin öyrənilməsi əsasında hazırlanıb:

“Universitetimizin missiyası müəyyənləşib, universitetimiz yüksək ixtisaslı kadrları hazırlamaq, nəticəyönümlü tədiqatlar aparmaq və cəmiyyət üçün faydalı olan sosial xidmətlər həyata keçirmək missiyasını həyata keçirir. Universitetimizin vizyonu, yəni gələcəyə baxışımız ondan ibarətdir ki, davamlı inkişafın təmin olunmasına xidmət edəcək yeni dövrün universitetinə çevirmək məramını qarşımıza məqsəd kimi qoymuşuq. MDU ölkə başçısının müvafiq tapşırığı və davamlı dəstəyi ilə yeniləşir, müasirləşir. Hazırda universitetimizin infrastrukturunun yenilənməsi üçün Mingəçevir şəhərində 7 hektarlıq bir ərazidə yeni müasir kampusun yaradılması istiqamətində son tamamlama işləri həyata keçirilir. Hesab edirik ki, bütün bunlar yaxın gələcəkdə universitetimizin ali təhsilimizdə tutduğu mövqeyinin güclənməsinə, tələbə və abuturiyentlər üçün daha çox cəlbedici bir universitetə çevrilməsi baxımından önəmli olacaq. MDU Mingəçevir şəhəri ilə yanaşı ətraf regionun da ekosisteminin inkişaf etdirilməsi, davamlı regional inkişafın təmin olunmasına öz müsbət töhfələrini verə biləcək”.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top