Harari: "Diktatorlar insanların bir-birinə etibar etməsini istəmir" - Video


İnsanlar niyə populist liderləri seçirlər?
Yeniavaz.com
xəbər verir ki, İsrail tarixçisi, Yerusəlim Yəhudi Universitetinin tarix professoru və yazıçı Yuval Noy Harari 2021-ci ilin oktyabrında verdiyi müsahibə zamanı bu sualı belə cavablandırıb:
"Çünki bu, bilinən ən qədim hiylədir. Parçala və hökm et. Diktatoru gücləndirə biləcək şey cəmiyyəti parçalamaq və vətəndaşlar arasında inamı sarsıtmaqdır. Çünki demokratiyanın işləməsi üçün vətəndaşlar bir-birinə güvənməlidir. Demokratik ölkələrdə başqa partiyalarla razılaşmasam da, hətta onların axmaq olduğunu düşünsəm də, pis ola bilməzlər. Mənə təzyiq göstərəcəklərinə inanmaram. Bu, demokratiyanın əsasıdır. Seçkilərdə uduzsam da, nəticəyə hörmətlə yanaşaram. Amma fikirləşsəm ki, digər partiyalar mənim rəqibim yox, düşmənimdir, və inansam ki, onlar mənim həyat tərzimi, azadlıqlarımı məhv etmək istəyəcəklər, o zaman seçkilərdə qalib gəlmək üçün qanuni və ya qeyri-qanuni hər şeyi edərəm. Uduzanda isə seçkinin nəticələrini tanımaram. Belə olan halda vətəndaş müharibəsi başlayar və ya sizin bir diktatorunuz olar. 
Diktatorlar insanların bir-birinə etibar etməsini istəmir, əslində bunun tam əksini istəyir. İnsanlar bir-birindən qorxurlarsa, nifrət edirlərsə, diktatordan qurtulmaq üçün birləşə bilməzlər. Diktatura bu baxımdan alaq otuna bənzəyir. Hər yerdə böyüyə bilər. Demokratiya isə zərif çiçək kimidir. Onun böyüməsi üçün bəzi şeylər lazımdır. Bunlardan biri də əhalinin müxtəlif təbəqələri arasında etimaddır. Bütün dünyada populist hökmdarlar eyni hiyləni tətbiq edirlər. Müxtəlif kütlələrin yaralarını qaşımaqla xalqın parçalanmasını təmin edirlər. Və bu yaraları sağaltmaq əvəzinə barmaqlarını içəri soxub genişləndirirlər. Bununla da insanlar arasında inamı məhv edirlər. Sonra isə diktatorlar bu kütlələrdən birinin rəhbərliyini ələ keçirirlər. (Xalq artıq camaat deyil, bir-biri ilə vuruşan qruplara bölünüb). Və müəyyən bir kütlənin rəhbəri kimi digər qrupları məhv edəcəklərinə söz verirlər".

DİGƏR XƏBƏRLƏR

Top