Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, Salman Rüşdi tədbirlərin birində məruzə edərkən bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona xəsarət yetirib.
Nyu York şəhər qubernatoru Kathy Hokul bıçaqlanma zamanı çoxlu qan itirən Rüşdiyə lazım olan qayğının göstərildiyini bildirib. Həkim Martin Haskell Rüşdinin yaralarının ciddi, lakin müalicəsinin mümkün olduğunu deyib.
Hüquq-mühafizə orqanları yazıçıya hücumda şübhəli bilinən şəxsin Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matar olduğunu müəyyənləşdiriblər.
Qeyd edək ki, yazıçıya edilən hücum 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabına görə olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.
Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları var. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.