"Millət olaraq haray salaq, hakim də bilər ki, övladımız “yetim” deyil!" - Foto


Xalq artisti Flora Kərimova rəsmi instaqram hesabında 1 ildir Ukraynada həbsdə saxlanılan II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, o, insanları M. Qasımlıya dəstək olmağa çağırıb.

“Bu igidimiz - Qasımlı Misiri “İkinci Vətən” – Qarabağ müharibəsində içimizdən gələn sözləri dilinə gətirdiyinə görə hamımız sevərək izləyir, bölüşürdük. Bu gənc bir vətənsevər kimi xarici məmləkətdə isti yuvasını tərk edib, könüllü olaraq vətəninin dar günündə vicdanının səsi ilə sənin, mənim, Qarabağımızın intiqamını almağa gəlib, alıb da!

Bildiyim qədər ilə məhz bu sözlərinə görə ermənilər tərəfindən şərlənib. Azərbaycan oğlunun qürbətdə, dəmir barmaqlıqlar arxasında bir “dığa”ya görə mühakimə olunması azərbaycanlı olaraq məni çox məyus edir.

Hamımızın bacardığı nəsə var. Mənim gücüm səsimi, biganəsizliyimi sizlərə çatdırmağa çatır. Sizin də bacardığınız bir şeylər var. Heç nə əlinizdən gəlməsə belə, şəklini paylaşaraq dəstək ola bilərsiz. Necə ki, bu videonu hamımız paylaşırdıq. Demirəm ki, gedin Ukraynada məhkəmə önündə aksiya keçirin. Millət olaraq haray salaq, hakim də bilər ki, övladımız “yetim” deyil! Arxasında milləti var. Bunlar bir yana, əsas odur ki, darda olan həmyerlimiz bivec olan sosial şəbəkələri açanda görsün ki, könüllü qoruduğu vətənin xalqı da, milləti də dar günündə onun yanındadır, dayağıdır.

Qəribsəmə, Misir oğlum! Bağlı qapılar daim bağlı qalmayacaq. Kilidləri açılanda bil ki, bu məmləkətdə səni alqışı ilə qarşılayan mənlər var”, - deyə, Flora Kərimova yazıb.
 

DİGƏR XƏBƏRLƏR

Top