“Via Travel” turizm şirkətinin müştəriləri aldadaraq onların pulunu mənimsədiyi iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə turizm şirkətinə müraciət etmiş şəxslər şirkətin sosial şəbəkə hesabındakı paylaşımların şərh bölməsində qeyd ediblər. Müştərilər sözügedən şirkətin rəhbəri Ülvi Abbaslının onlara satdığı turpaketlərin saxta olduğunu iddia ediblər və ödədikləri pulların geri qaytarılmasını tələb ediblər.
Qeeyd edək ki, bəzi digər turizm şirkətlərinin rəhbərləri də “Via Travel” turizm şirkəti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edirlər.
Belə şəxslərdən biri də ““Welcome Travel Azerbaijan” turizm şirkətinin rəhbəri Quliyev Emin Firdosi oğludur. O, bir müddət öncə Ülvi Abbaslıdan müəyyən turpaketlər aldığını, lakin həmin turpaketlərin saxta olduğunu biləndən sonra Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət etdiyini deyib. Ülvi Abbaslı tərəfindən fırıldaqçılığa məruz qalan bir çox müştərinin indi də özü ilə əlaqə saxladığını deyən Emin Quliyev sözügedən şəxsin bu cür əməllərdən əl çəkmədiyini bildirib.
İddialarla bağlı “Via Travel” turizm şirkəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Məsələ barədə Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a açıqlama verilib və bildirilib ki, mövzu ilə bağlı araşdırmalar aparılır və hüquqi qiymət veriləcək.
“Şirnikləndirici vədlər verərək əvəzində aşağı səviyyədə xidmət göstərən turizm şirkətlərilə bağlı daxili işlər orqanlarına müraciətlər daxil olur. Daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələlərə hüquqi qiymət verilir.
Tövsiyə edirik ki, vətəndaşlarımız etibar etmədiyi şirkətlərə müraciət etməsinlər”.
Nazim Hacıyev