İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır.
Əlavə məlumat veriləcəkdir.
***15:09
İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər itkin düşüb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər.
Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedən yoldaşlar, 2002-cı il təvəllüdlü Xudaverdiyev Niyyət Vüqar oğlu, 2006-cı il təvəlüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Aqil oğlu dərəyə enərək onun meyitini çıxarmağa çalışsalar da geri qayıda bilməyiblər.
Hazırda dərədə köməksiz vəziyyətdə qalan bu şəxslərin xilas edilməsi üçün əraziyə FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. İntensiv axtarış-xilasetmə tədbirləri görülür.
***12:39
Azərbaycanda 20-yə yaxın şəxs İsmayıllı və Quba rayonlarının sərhəddində yerləşən "Babadağ" pirinə ziyarətə gediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Metbuat.az-a ziyarətə gedənlərin qohumları bildirib.
Onların sözlərinə görə, dünən günorta saatlarında İsmayıllı rayonun Təzəkənd kəndindən "Babadağ"a yola düşən həmin şəxslərdən xəbər ala bilmirlər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, artıq axtarış-xilasetmə işləri başlayıb:
"FHN-nin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək".
Qeyd edək ki, Babadağ İsmayıllı və Quba rayonlarının sərhəddində yerləşən dağ olub dəniz səviyyəsindən 3632 metr yüksəkdə yerləşir. Babadağ həm də ziyarətgah yeridir və zirvəsi "Həzrətbaba" piri adlanır.