Xəbər verdiyimiz kimi, ötən gün - avqustun 4-də Londonda yerləşən Azərbaycan səfirliyinə hücum edən şəxslərdən səkkizi saxlanılıb. Bəs görəsən həmin şəxsləri hansı cəza gözləyir?
Yeniavaz.com xəbər verir ki, bundan öncə bənzər hadisə həmin təşkilatın tərəfindən Londonda yerləşən İran səfirliyinə qarşı həyata keçirilib.
Dəyənək və xəncərlərlə İran səfirliyinə hücum edən şəxslər 3 saatlıq təxribatın ardından London polisi tərəfindən tutulub.
Sözügedən 4 şəxsə cinayətə cəhd etmə və diplomatik binalara hücum etmə maddələri əsasında cinayət işi açılıb.
Bununla bağlı hüquq müdafiəçisi Fərhad Mehdiyev Yeniavaz.com-a bildirib ki, diplomatik nümayəndələrin toxunulmazlıq hüququ bu barədə öhdəlik götürən dövlət tərəfindən qorunmalıdır:
“Təbii ki, bu, qanunvericiliklə tənzimlənəcək. Ola bilsin heç cinayət deyil, amma böyük ehtimalla cinayət məsuliyyəti hesab ediləcək. Çünki diplomatik nümayəndələrin bildiyimiz ki, toxunulmazlıq hüququ var. Bu toxunulmazlıq hüququ da qəbul edən dövlət tərəfindən qorunmalıdır. Qorunma həm polis şəklində təmin edilir, həm də qanunvericilik və toxunulmazlıq hüququ əsasında müəyyən edilir. Bir məsuliyyət forması hər halda var. Mən İngiltərə qanunvericiliyini bilmirəm. Bunu da həyata keçirmək öhdəliyi İngiltərənin üzərinə düşür. Onlar əslində səfirlikləri qorumalıdırlar. Amma biz həmin şəxslərin içəriyə necə daxil olduğunu bilmirik. Anidən girmiş ola bilərlər, aldadaraq girmiş ola bilərlər. Ona görə İngiltərə niyə bizim səfirliyi qorumadı, bu barədə fikir bildirmək çətindir, çünki hadisənin ayrıntıları bilinmir. Ola bilsin ki, İngiltərə polisinin burada bir səhlənkarlığı var. Bu iş iki dövlət arasında olan məsələdir. Hadisəni tam bilmədən heç nə demək olmur. Səfirliklər çox vaxt şəhərin müəyyən bir hissəsində yerləşir. Ola bilsin ki, bu yer çox təhlükəsiz bir yerdi. Belə olan halda adətən xüsusi təhlükəsizlik tədbirləri almağa ehtiyac olmur. Belə hallarda göndərən dövlətlə qəbul edən dövlət arasında razılıq olur. Göndərən dövlət əgər səfirlik əməkdaşlarının mühafizəsi ilə bağlı qəbul edən dövlətə müraciət edibsə, o zaman bu cür xüsusi mühafizə təmin edilir. Əslində mühafizə ilə bağlı ilkin tədbirləri səfirliyin fəaliyyət göstərdiyi dövlət özü yerinə yetirməlidir. Misal üçün, Azərbaycanda yerləşən ABŞ səfirliyini ABŞ polisi qorusa, o səfirlik ərazisi xaricində silah daşıya bilməz axı. Buna görə Azərbaycan tərəfi ABŞ-ın Bakıdakı səfirini ABŞ nümayəndələrinin istədiyi qədər qoruyur”.
Nazim Hacıyev