Londonda səfirliyimizə hücum edənlər kimlərdir?


Dünən London şəhərində yerləşən Azərbaycan səfirliyinə baş verən hücumu təşkil edən təxribatçıların "The Mahdi Servants Union" adlı təşkilatın üzvləri olduğu bildirilir. Təxribat zamanı hücumu təşkil edən şəxslər səfirliyin eyvanından Azərbaycan bayrağının yerinə təşkilatın bayrağını asıblar. Bəs görəsən bu təşkilatın üzvləri kimdir və fəaliyyətli tam olaraq nədən ibarətdir?
Yeniavaz.com
sözügedən təşkilatın qısa tarixçəsini təqdim edir:
Hərfi tərcümə olaraq “Mehdi Xidmətçiləri Birliyi” adlı təşkilat Küveytli şiə din xadimi Yasir əl-Həbib tərəfindən Londonda yaradılıb. O, öz dini fəaliyyətini Küveytdə, “Mübarizə” Partiyasının üzvü kimi başlayıb, daha sonra “Khoddam Al-Mahdi Organization” adlı dini təşkilat yaradıb. Məhz "The Mahdi Servants Union"-un  sələfi sayılan “Khoddam Al-Mahdi Organization” 2010-cu ildə rəsmi olaraq təşkilat kimi qeydiyyatdan keçib. İlk qeydiyyat məqsədi xeyriyyə təşkilatı kimi təsvir edilib. Sözügedən təşkilat ictimaiyyətdə “radikal sağçı” və “dini mühafizəkar” yönümlü olması ilə tanınır və İrandakı İslam rejiminə düşmən mövqedə dayanır. Daha öncə, 2018-ci ildə dəyənək və xəncərlərlə Londondakı İran səfirliyinə hücum edən təşkilat üzvləri İran bayrağını "The Mahdi Servants Union" bayrağı ilə əvəz ediblər. Təşkilatın “Fədək” adlı televiziya kanalı fəaliyyət göstərir və kanalda geniş dini təbliğat verilişləri yayımlanır. İranın ali dini lideri Ayətullah Əli Xameneinin dini görüşlərinə müxalif mövqe sərgiləyən təşkilatın üzvləri özlərinə dini öndər kimi iranlı ayətullah Sadiq əl-Şirazini qəbul edirlər. Təşkilat bütün şiə etiqadlı müsəlmanların birləşməsi və sonuncu imam Mehdinin zühuruna qədər şiə dini hökmranlığına nail olmağı özünə məqsəd hesab edir. “The Mahdi Servants Union” sünni etiqadlı müsəlmanlara və din xadimlərinə qarşı olduqca sərt mövqe ortaya qoyur.

Nazim Hacıyev

DİGƏR XƏBƏRLƏR

Top