Mövqelərimiz yenidən atəşə tutuldu - Rəsmi


Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib:
"Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb".
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutmuş, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olmuşdu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərmişdi. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top