Təlim uçuşları yerinə yetirərkən qəza nəticəsində şəhid olmuş polkovnik Elçin Nəbiyevin və tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun vərəsələrinin birdəfəlik icbari şəxsi sığorta ödənişini ala bilməmələri ilə bağlı şikayətlərinə aydınlıq gətirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Yeniavaz.com-a açıqlama verib.
“Təlim uçuşları yerinə yetirərkən qəza nəticəsində şəhid olmuş polkovnik Elçin Nəbiyevin vərəsəsi olan həyat yoldaşı Şəlalə Nəbiyevaya birdəfəlik icbari şəxsi sığorta ödənişini almaq üçün 29 iyul 2022-ci il tarixdə sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim edib. Bir həftə ərzində birdəfəlik sığorta ödənişi vətəndaşın hesabına köçürüləcək.
Təlim uçuşları yerinə yetirərkən qəza nəticəsində şəhid olmuş tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun vərəsəsi olan atası Xanlar Əhmədxanova da sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək tövsiyə olunub. Müraciət etdikdən 10-15 iş günü ərzində birdəfəlik sığorta ödənişi müraciət edən şəxsin hesabına köçürüləcək”, - açıqlamada bildirilib.
Qeyd edək ki, ötən gün şəhid Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanov Bizim.Media-ya açıqlamasında sığorta ödənişi ala bilməməsindən şikayətlənib:
“Sığorta ödənişi ilə bağlı müraciət etdikdə dedilər ki, hələlik sərəncam, tapşırıq gözləyirik. Belə-belə vaxt indiyə qədər uzandı, hələ də sığorta pulundan xəbər yoxdur”.
Şəhid atasının sözlərinə görə, faciəvi hadisədən artıq 9 aya yaxın müddət keçsə də, onlar hələ də ailəyə çatacaq sığorta ödənişini (11 min manat) ala bilməyiblər:
“6-7 ay bundan öncə bütün lazımi sənədləri yığıb Sosial Sığorta Agentliyinə təqdim etmişəm. Ondan bir müddət sonra yenidən müraciətimin cavabını öyrənmək istədim, dedilər ki, sənədləri “DOST” mərkəzinə göndərmişik, onlar verəcəklər. Biz “DOST” agentliyində şəhidlik “knijkası”, Prezidentin ayırdığı 500 manat təqaüd üçün sənədləşmə işlərini həll etmişik və bütün prosedurlardan keçmişik. Lakin bircə sığorta məsələmiz hələ də uzadılır, gecikdirilir”.
Şəhid atası əlavə olaraq bildirib ki, sözügedən mövzuda problem yaşayan təkcə Əhmədxanov ailəsi deyil, digər şəhid ailələrinin də müraciəti hələlik cavabsızdır:
“Şəhid polkovnik Elçin Nəbiyevin oğlu ilə əlaqə saxladım. O dedi ki, aidiyyəti qurumlar onları da çətinliyə salıb. Bir sözlə adamı incidirlər, məsələni həll edə bilmirlər, həmçinin etmək də istəmirlər. 14 şəhid ailəsindən 2, ya da 3 nəfərinin ailəsi hazırda sığorta ödənişi ilə təmin olunub. Digərlərimiz isə hələ də almamışıq. Tez-tez biz şəhid ailələri ilə əlaqə saxlayırıq. Elə Mayor Elbrus Əhmədovun da ailəsi, polkovnik Elçin Nəbiyev, yəni, demək olar ki, 11 şəhid ailəsinə hələ də bu ödəniş təqdim olunmayıb”.
X.Əhmədxanov ödənişin gecikdirilməsinin səbəbi haqqında onlara heç bir məlumat verilmədiyini də bildirib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri ötən ilin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.