2022-ci ilin ilk yarısı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 77 milyon barel (10 milyon ton) və ya gündə orta hesabla 424 min barel neft hasil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə neft hasilat 9,4% və ya 8 milyon barel az olub.
Gündəlik hasilat – “Çıraq” plantformasında 25 min, “Mərkəzi Azəri”də 108 min, “Qərbi Azəri”də 109 min, “Şərqi Azəri”də 62 min, “Dərinsulu Günəşli”də 78 min və “Qərbi Çıraq”da 42 min barel olub. Əvvəlki illə müqayisədə istisnasız olaraq bütün platformalarda gündəlik neft hasilatı aşağı düşüb.
2022-ci ilin ilk yarısında AÇG-də ümumilikdə 136 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə hasilat quyularının sayı 4 ədəd artıb, qaz və su injektor quyularının sayı isə 7 ədəd azalıb.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.
Son 11 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:
İllər | Hasilat (milyon barel) |
Quyuların sayı (ədəd) |
2-ci rüb 2012 | 124,5 | 86 |
2-ci rüb 2013 | 122 | 103 |
2-ci rüb 2014 | 118,8 | 117 |
2-ci rüb 2015 | 116 | 127 |
2-ci rüb 2016 | 119 | 145 |
2-ci rüb 2017 | 106 | 160 |
2-ci rüb 2018 | 108 | 169 |
2-ci rüb 2019 | 98 | 175 |
2-ci rüb 2020 | 91 | 178 |
2-ci rüb 2021 | 85 | 183 |
2-ci rüb 2022 | 77 | 181 |
A. Cəfərov