Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilir


Qardaşlaşmış və tərəfdaş şəhərlər xətti ilə Ukrayna şəhərləri tərəfindən edilmiş müraciətlərə cavab olaraq Bakı və Gəncə şəhərləri Ukrayna xalqına ərzaq məhsullarından ibarət humanitar yardım göndərəcək.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri tərəfindən 66 ton, Gəncə şəhəri tərəfindən isə 35 ton olmaqla ümumi çəkisi 101 ton olan humanitar yardıma saxlama müddəti uzun olan qida məhsulları (konservlər, dənli bitkilər, quru qidalar, çay və s.) daxildir.

Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 16:30-da Ukraynanın ölkəmizdəki səfiri, Bakı və Gəncə şəhərləri icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınacaq.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Heydər Əliyev Beynəlxalq Aeroportundae edilən yardımlarla bağlı jurnalistlərə açıqlama verib:

"Əziz dostlar, bir neçə dəqiqə sonra Bakıdan növbəti humanitar yardım yola salınır. Qeyd olunmalıdır ki, bu “Silk Way” şirkəti tərəfindən həyata keçirilən sayca 10-cu, yubiley reysidir. Buna görə onlara da minnətdarıq.

Bu aylar ərzində Azərbaycanın humanitar yardımından fərqli vilayətlərdən olan və yardıma ciddi ehtiyac duyan on minlərlə insan faydalana bilib. Buna görə də Azərbaycana çox minnətdarıq. Bu gün unikal gündür, çünki yardımın coğrafi miqyası genişlənir. Növbəti reyslə 100 tondan artıq humanitar yardım göndəriləcək. Azərbaycanın Ukraynaya yardımı formal deyil, səmimi qəlbdən gələn yardımdır".

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Hökuməti, həmçinin Bakı və Sumqayıt şəhərləri tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət 807 tonluq humanitar yüklər göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top