DYP-dən "Qarabağ" - "Ferentsvaroş" oyunu ilə bağlı - Müraciət


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) “Qarabağ”-“Ferentsvaroş” oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Yeniavaz.com-a bildirib ki, azarkeşlər oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:

"Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Qarabağ” Macarıstanın “Ferentsvaroş” komandası ilə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzulayırıq.

Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Ərazidə metronun “Gənclik” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə stadiona paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.

Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”.

DİGƏR XƏBƏRLƏR

Top