
Dünyanın aparıcı neft şirkətlərinin gəlirləri kəskin artıb.
Yeniavaz.com “statista” portalına istinadən xəbər verir ki, bu ilin əvvəlində Rusiyanın Ukraynaya hərbi müdaxiləsilə bağlı xəbər yayıldıqdan sonra dünyada xam neftin qiyməti kəskin şəkildə bahalaşıb və bu bahalaşmadan sonra neft şirkətləri böyük gəlirlər əldə etməyə başlayıblar.
Bu ilin yanvar ayında Brent markalı xam neftin bir bareli 85 dollara satıldığı halda, mart ayının əvvəllərində 128 dollara kimi yüksəlib.
Ötən ilin 2-ci rübü ilə müqayisədə bu ilin 2-ci rübündə Böyük Britaniyanın BP şirkəti gəlirlərini 3 dəfə artırıb. Belə ki, 2021-ci ilin 2-ci rübündə BP-nin gəlirləri 3,1 milyard dollar olub. Bu ilin 2-ci rübündə isə bu göstərici 9,3 milyard dollara yüksəlib və nəticədə şirkət son 14 ildə ən yüksək rüblük mənfəəti əldə edib. Britaniyanın "enerji nəhəngi" “Shell” sonuncu hesabatında göstərir ki, bu ilin 2-ci rübündə 11,5 milyard dollar gəlir əldə ediblər. Bu 2021-ci ilin 2-ci rübü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Gəlirlərini ən çox artıran isə ABŞ-ın “Exxon” şirkəti olub. ABŞ şirkəti gəlirlərini son bir ildə təxminən 4 dəfə artıraraq 4,7 milyard dollardan 17,9 milyard dollara yüksəldib.
Dünyanın aparıcı neft şirkətlərinin gəlirləri son bir ildə aşağıdakı kimi dəyişib:
2021-ci ilin 2-ci rübü | 2022-ci ilin 2-ci rübü | |
“Exxon” (ABŞ) | 4,7 milyard $ | 17,9 milyard $ |
“Chevron” (ABŞ) | 3,1 milyard $ | 11,6 milyard $ |
“Shell” (B.Britaniya) | 5,5 milyard $ | 11,5 milyard $ |
“BP” (B. Britaniya) | 3,1 milyard $ | 9,3 milyard $ |
“Total” (Fransa) | 3,5 milyard $ | 5,7 milyard $ |
“Pepsoil” (İspaniya) | 0,7 milyard $ | 2,7 milyard $ |