Şəki Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, xəstəxananın direktoru vəzifəsi Əliyev Məcid Abduləli oğluna həvalə olunub.
Məlumat üçün bildirək ki, Məcid Əliyev 21.02.1965-ci ildə Şəkidə anadan olub. 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.
1990-1993-cü illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Aşağı Göynük kənd sahə xəstəxanasının həkim-terapevti işləyib. 1993-1997-ci illərdə Şəki rayonunun Baş Göynük kənd sahə xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1997-2009-cu illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri olub. 2010-cu ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, 2010-2017-ci illərdə isə baş həkim vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.