Qazinin iddiaları ilə bağlı Nazirlikdən - Açıqlama


"Cəfərov Kamil Adil oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən Əlillik Altsisteminə bu vaxta kimi heç bir göndəriş daxil edilməyib. Belə olan halda vətəndaşın əlilliyinin qiymətləndirilməsi mümkün olmur".

Bunu Yeniavaz.com-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sözçüsü Tural Qurbanov bildirib.
"Bunun üçün K. Cəfərov qeydiyyatda olduğu poliklinikaya müraciət etməli və aidiyyətı qurumlar tərəfindən təqdim olunan müvafiq sənədlərini poliklinika e-sisteminə göndərməlidir ki,əlilliyinin qiymətləndirilməsi aparıla bilsin", - T. Qurbanov deyib.

****16:06
Vətən müharibəsində iştirak edən əksər qazilərimizin üzləşdiyi problemlər və bu problemlərin həlli məsələsi hələ də aktual olaraq qalır. Qazilərimiz əksər hallarda əllilik dərəcəsinin verilməməsi, onlara iş təminatının olmaması və tibbi yoxlanışlar zamanı üzləşdikləri problemlərdən əziyyət çəkirlər.
Yeniavaz.com
xəbər verir ki, belə qazilərmizdən biri də Lənkəran rayonunun Göyşaban kəndindən olan Cəfərov Kamil Adil oğludur. O saytımıza müraciəti zamanı tankçı olaraq vətən müharibəsində iştirak etdiyini, döyüşlər zamanı müxtəlif bədən xəsarətləri aldığını bildirib.
Qazimiz işsizlikdən və əlillik dərəcəsini ala bilməməsindən şikayətçidir:
“Mən uzun müddətdir, qrup əlilliyi ala bilmirəm. Özüm başımdan yaralanmışam. Kəllə-beyin travmam var. Onurğamdan da xəsarət almışam. İki dəfə döyüşdə tankım vurulub. Sonuncu dəfə də qənimət tankla döyüşə girmişəm. Qrup əlliyini ala bilmirəm. O dəfə məşğulluq idarəsinə yaxınlaşdım, idarə rəisi Rasim müəllim məni ələ saldı. Mən deyirəm ki, mənə səhhətimlə bağlı ağır yük götürmək olmaz. O isə mənə dedi ki, gəl səni fəhlə kimi Kəlbəcərə göndərək. Mən isə bildirdim ki, mənim atam xərçəng xəstəsidi, mən müharibədə olanda da həyəcandan diabet olub. Anamın isə asma xəstəliyi¸ şəkəri və zobu var. Deməyim odur ki, mən ailəmə baxmalıyam, iş lazımdır. Bu məsələyə ciddi yanaşmırlar. Rayon icra hakimiyyətində yerləşən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə bir qazi təyin ediblər. Onu bizimlə üz-üzə qoyurlar. Bizim problemimizə baxmırlar. İcra hakimiyyəti də baxmır, icra hakimiyyətinin müavinləri də baxmır. Biz yüngül bir iş istəyirik. Bir də qrup əlilliyimin təsdiqlənməsini istəyirəm. Mən təzə ailə həyatı qurmuşam, bugün sabah övladım dünyaya gələcək. Mən ailəmi 80 manatla necə saxlayım? Hər yerə müraciət eləmişəm. Başlamışam yaşadığım Göyşaban kənd icra nümayəndəliyindən, Lənkəran şəhər icra hakimiyyətinə kimi bir çox yerlərə baş vurmuşam. Baş vurduğum özəl sahibkarlıq müəssisələri də en qədərdir. Deyirlər əlaqə saxlayacağıq, köməklik edəcəyik, amma ortada heç nə yoxdur. Mən düşünürəm ki, mənim əlilliyim 3-cü dərəcədir, yəni 3-cü dərəcə verməlidirlər. Heç olmasa onu versinlər”.

Məsələ ilə bağlı Lənkəran şəhər icra hakimiyyətindən saytımıza bildirilib ki, K. Cəfərovun problemləri ilə bağlı araşdırma aparılıb lazımi köməklik ediləcək.
Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə Yenivaz.com-a açıqlamasında qazinin DMA-nın Lənkəran şəhərində yerləşən şöbəsində qeydiyyata alındığını bildirib:
“Vətən müharibəsi iştirakçısı, Lənkəran rayon sakini Cəfərov Kamil Adil oğlunun müraciəti ilə bağlı bildiririk ki, vətəndaş regional məşğulluq filialı tərəfindən qerydiyyata alınıb. Bir neçə dəfə filialda qəbul edilib. Sonuncu dəfə o, 15 İyul 2022 tarixində Lənkəran-Astara Regional Məşğulluq filialına dəvət edilib və vətəndaşla bütün imkanlar daxilində söhbət aparılıb.
K.Cəfərova özünüməşğulluq proqramı barədə məlumat verilib və çatdırılma zərfi üzrə layihəyə qoşulmaq təklif edilib. Proqramda iştirak üçün məlumatları reyestrə daxil edilib. Həmçinin, vətəndaşa Füzuli, Kəlbəcərə və Lənkəran rayonunda iş təklif edilib. Lakin K.Cəfərov ona təklif edilən işlərin səhhətinə uyğun olmadığını bildirərək imtina edib. Vətəndaş yalnız yaşadığı kənd sahəsi üzrə ictimai işlərdə çalışmaq istədiyini bildirib.
Qeyd edim ki, sosial işlərə cəlb edilmək istəyən vətəndaşlar icra hakimiyyəti yanında fəaliyyət göstərən komisiyyanın qeydiyyatına alınmalı və növbəyə düşməlidirlər. Belə ki, sosial işlə təmin olunmaq üçün tələb olunan təhkim aktını bu komissiyanın qərarı olmadan heç bir qurum təsdiqləmir. Təhkim aktlarının təsdiq edilməsi isə Dövlət Məşğulluq Agentliyinin səlahiyyətində deyil. Vətəndaşa prosedur qayda ətraflı izah edilib və növbəyə yazılmaq tövsiyyə edilib”.












Nazim Hacıyev

DİGƏR XƏBƏRLƏR

Top