Pelosinin təyyarəsi Tayvana endi - Yenilənib + Video

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin xəbərdarlıqlarına baxmayaraq, Tayvana səfər edib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Pelosinin təyyarəsi Taybey şəhərinin Sunşan hava limanına eniş edib.


***15:40
Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatasınının sədri Nensi Pelosinin Tayvana səfər etməklə bağlı olan planı ABŞ və Çin arasında gərginliyə səbəb olub. Pelosinin başçılıq etdiyi nümayəndə heyəti Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya səfər etmək üçün bazar günü Asiyaya uçub. Pelosinin rəsmi saytında yerləşdirilən mesajda Tayvana səfərdən bəhs edilməyib. Bununla belə, bəzi KİV-lərin məlumatına görə, Pelosi adaya səfər etməyi planlaşdırır. ABŞ Konqresinin aşağı palatasının spikerinin Tayvana səfəri bu vəzifədə olan amerikalı siyasətçi üçün son 25 ildə ilk ola bilər. Rəsmi Pekin Vaşinqtona dəfələrlə xəbərdarlıq edib ki, adaya səfər baş tutsa, bu, nəticəsiz qalmayacaq, Çin sərt tədbirlər görəcək. Çinin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana gələcəyi təqdirdə Çin ordusunun boş dayanmayacağını, ölkənin torpaq bütövlüyü və suverenliyi üçün sərt tədbirlər alınacağını və amerikalı xanım diplomatın bu səfər planının yolverilməz olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, Nensi Pelosinin nümayəndə heyəti Tayvanın paytaxtı Taypeydəki "Grand Hyatt" otelində 48 nömrə bron edib.
Bu barədə məlumat yayan Tayvanın “Sanli” telekanalından bildirilib ki, o, yerli vaxtla saat 21:20-də (Bakı vaxtı ilə 17:20) Tayvana çatacaq.
Məlumata görə, nümayəndə heyəti 40 nəfərdən ibarət olacaq.
Bildirilib ki, oteldə və ətraf ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. ABŞ Hərbi Hava Qüvvələrinin Amerika nümayəndə heyəti ilə xüsusi reysi təqribən saat 21:20-də Sunşan hava limanına enəcək.
Qeyd edək ki, N. Pelosinin təyyarəsini hazırda “flightradar24” saytı üzərindən yüz minlərlə insan izləyir. Təyyarənin hansı limana enməsi 1-2 saat ərzində bəlli olacaq. Pelosinin təyyarəsini bu linkdən izləyə bilərsiniz.
Xatırladaq ki, Çin Kommunist Partiyasının media orqanlarından biri olan “Global Times” qəzetinin keçmiş baş redaktoru Hu Xijin tvitterdəki paylaşımında Çin döyüş təyyarələrinin Pelosinin təyyarəsinə müdaxilə edə biləcəyini bildirib:
“Döyüş təyyarələrimiz bütün güc taktikalarını tətbiq etməlidir. Bunlar hələ də yetərli deyilsə, Pelosinin təyyarəsini vurmalarını məqsədəuyğun hesab edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top