Şirvan Apellyasiya Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli şəxslər barəsindəki hökmdən verilmiş şikayətlərə baxılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmənin qərarı ilə sabiq icra başçısı Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.
Bundan başqa, sabiq icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.
Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla saxlanılıblar.
***12:10
Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan şəxslərin əmlakları üzərinə qoyulmuş həbslə bağlı qərar dəyişdirilib.
Bununla bağlı Şirvan Apellyasiya Məhkəməsi qərar verib.
Qərara əsasən, Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov, İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun əmlakları üzərinə qoyulan həbs götürülüb. Yalnız dövlət nəfinə müsadirə olunmuş 1 qeyri-yaşayış sahəsi saxlanılıb.
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi yuxarıda adları çəkilən sabiq vəzifəli şəxslərin əmlaklarının dövlət nəfinə müsadirə olunması ilə bağlı qərar çıxarıb.
Həmin əmlakların siyahısını təqdim edirik:
Ceyhun Cəfərova məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0,0370 ha torpaq sahəsi
Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi
Sabiq icra başçısının birinci müavini Tacəddin Novruzova məxsus Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi.
Rayon İH-nin şöbə müdiri Natiq Kərimova məxsus Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı və 0,48 ha həyətyanı torpaq sahələri
Kürdəmir rayonu Karrar kəndində 2,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi
Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsi
Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 15 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi
Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 17 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal hissəsi 80 saylı ünvanda yerləşən 0,0300 ha torpaq sahəsi
Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 7 ünvanında yerləşən 83 nömrəli mənzil
Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında yerləşən 41,5 kv.m qeyri-yaşayış binası.