“Əl-Qaidə” lideri öldürüldü - Dosye + Fotolar


ABŞ Prezidenti Co Bayden “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahirinin öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Bayden Zəvahirinin bazar günü – iyulun 31-də Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Əfqanıstanın paytaxtı Kabildə keçirdiyi antiterror əməliyyatı zamanı zərərsizləşdirildiyini açıqlayıb. O bildirib ki, aylarla davam edən planlaşdırmadan sonra 71 yaşlı “Əl-Qaidə” lideri pilotsuz uçan aparatla endirilən zərbə nəticəsində öldürülüb.

“Zəvahiri Amerika vətəndaşlarına qarşı qətl və zorakılıq izi qoyub. İndi ədalət bərqərar oldu və bu terrorçulaarın lideri artıq yoxdur”, - deyə Bayden açıqlamasında bildirib.
Rəsmilər bildiriblər ki, Zəvahiri təhlükəsiz evin eyvanında olub, dron onun olduğu əraziyə iki raket atıb. Qeyd olunub ki, terrorçunun digər ailə üzvləri də orada olublar, lakin onlar xəsarət almayıb və yalnız Zəvahiri öldürülüb.
Taliban sözçüsü ABŞ əməliyyatını beynəlxalq prinsiplərin açıq şəkildə pozulması kimi qiymətləndirib.
"Bu cür hərəkətlər son 20 ilin uğursuz təcrübələrinin təkrarıdır və Amerika Birləşmiş Ştatlarının, Əfqanıstanın və regionun maraqlarına ziddir", - sözçü əlavə edib.
Bununla belə, ABŞ rəsmiləri əməliyyatın hüquqi əsası olduğunu iddia ediblər.
Qeyd edək ki, Zəvahiri 2011-ci ildə Üsamə bin Ladenin ölümündən sonra “Əl-Qaidə”ni ələ keçirib. O, Bin Ladenlə 11 sentyabr hücumlarını birlikdə planlaşdırıb və ABŞ-ın “ən çox axtarılan terrorçularından” biri olub.

1980-ci illərdə “Misir İslami Cihad” yaraqlı qrupunda iştirak etdiyinə görə həbs edilən Misirli həkim Zəvahiri azadlığa çıxandan sonra ölkəni tərk edib və şiddətli beynəlxalq cihadçı hərəkatlarda iştirak edib.
Nəhayət, o, Əfqanıstanda məskunlaşıb və zəngin bir Səudiyyə Ərəbistanı vətəndaşı olan Üsamə Bin Laden ilə birləşib. Birlikdə ABŞ-a müharibə elan ediblər və 11 sentyabr 2001-ci il hücumlarını təşkil ediblər.
Bin Ladenin ABŞ tərəfindən tapılaraq öldürülməsi on il çəkib. Bundan sonra Zəvahiri “Əl-Qaidə” liderliyini öz üzərinə götürsə də, o, yalnız arabir mesajlar verən uzaq və marjinal bir fiqur olub.
Ayman əl-Zəvahirinin Bin Laden dövründə də  “Əl-Qaidə”nin arxasında duran ideoloji beyin olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top