AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oksford Universiteti arasında olan Anlaşma Memorandumu çərçivəsində birgə aparılan paleoseysmoloji tədqiqatlar davam etdirilir.
Yeniavaz.com Mərkəzə istinadla xəbər verir ki, NATO-nun beynəlxalq layihəsi çərçivəsində 22-30 iyul tarixlərində Qırğızıstan Respublikasının Şimali Tyan-Şan dağ silsilələrində, Aksu qırılmasının aktivliyini və onun 1911-ci ildə baş vermiş zəlzələ ilə əlaqəsini müəyyən etmək üçün paleoseysmoloji çöl işləri aparılıb.
Birgə aparılan tədqiqatlarda Azərbaycanı AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil edib. Çöl işlərində həmçinin, Böyük Britaniyanın Oksford Universitetinin, Arizona Universitetinin (ABŞ), Kaliforniya Universitetinin (ABŞ), Qırğızıstan Seysmologiya İnstitutunun, Marsel Universitetinin (Fransa) əməkdaşları, eləcə də Qazaxıstan və Monqolustandan nümayəndələr iştirak ediblər.
Çöl işləri Oksford Universitetinin professoru Riçard Voalker və Arizona Universitetinin professoru Ramon Arrousmithin rəhbərliyi altında aparılıb.