"İnsanların ifadə azadlığına, medianın fəaliyyətinə bu qədər qanunsuz müdaxilə olmaz"


"Baş Prokurorluğun yeni məlumatı yayılıb. Məlumatı oxuyanda məlumatı hazırlayanların və ötürənlərin ciddi şəkildə Prokurorluğun imicini yerlə yeksan etdiyini görürük".

Yeniavaz.com xəbər verir ki, bu sözləri media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirib.
"Ölkənin hüquq sisteminin ən önəmli "gözətçisi" olan bir qurumun adından belə bir məlumat necə paylaşılır? Sadəcə ağıl almır.
Məlumatda deyilir: “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb. Daha sonra da bu səbəbdən bir neçə şəxsə xəbərdarlıq edildiyi bildirilir. Ağıl almayan nədir? İzah edim. Prokurorluq Media haqqında Qanunun 14-cü maddəsinə isnad edir. 14-cü maddədəki tələblər isə şəxslərə yönəlik tələb deyil, mediaya yönəlik tələbdir. Zatən maddənin adı da belədir: "Maddə 14. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər"
Yəni Qanunda 1-ci maddədə anlayışlar hissəsində media subyekti kimi tanınan, ifadə edilən media subyektlərinə aiddir bu tələb. Fərdlərə, sosial media istifadəçilərinə aid deyil bu tələb. Ruslan İzzətli, Səxavət Məmməd və s. adda media subyekti mövcud deyil. 14-cü maddəni fərdləri sıraya düzmək üçün istifadə edə bilməzsiz!
Fərd öz statusunda mövqeyini ifadə edir, ona balanslı informasiya yayma öhdəliyi qanunvericilik qoya bilməz. Adından göründüyü kimi fərdin şəxsi mülahizələridir, düşüncələridir yayır, tənqid edir və s. Halbuki, Prokurorluğun istinad etdiyi yarımbənddə "birtərəfliliyə yol verməmək" şərtini görürük. Bu şərt sosial media istifadəçisinə yox, media subyektinə yönəlik tələbdir. Bəli, media birtərəfliliyə yol verməməlidir. Yəni AZTV, İTV, REAL TV, AZƏRTAC və sair media subyektləri birtərəfli məlumat yaymamalıdır.
Əgər Prokurorluq media subyektlərinin "birtərəfliliyini" monitorinq edib xəbərdarlıq edəcəksə, gərək yuxarıda adını yazdığım və yazmadığım bütün media subyektlərinin hər saat başı xəbərlərindən sonra onların alnına bir xəbərdarlıq yapışdırsın...
Cənablar, insanların ifadə azadlığına, medianın fəaliyyətinə bu qədər kobud və qanunsuz müdaxilə olmaz, durdurun bu qeyri-peşakar, qeyri-hüquqi tətbiqləri. Medianı monitorinq etmək, onun peşə davranış qaydalarına görə balanslı olub-olmadığını müəyyən etmək onun özünütənzimləmə qurumunun işi ola bilər, prokurorluğun yox. Yetər artıq!", - deyə Ə. Məmmədli qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top