Ramin Musayevin istefa səbəbi açıqlandı - Yenilənib


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Bildirilib ki, 14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.
2 iyul 2008-ci ildə AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.
2012-ci ilin 3 iyulunda AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.

***10:32
Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.
Yeniavaz.com
Qol.az-a istinadən xəbər verir ki, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb.
Bununla bağlı o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.
Xatırladaq ki, iyulun 12-də Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın birinci təsnifat mərhələsinin cavab matçında Polşa təmsilçisini 5:1 hesabı ilə məğlub etməsindən sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin işlətdiyi bu ifadə ölkədə gündmə çevrilmişdi – “Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi”.

 

DİGƏR XƏBƏRLƏR

Top