Azərbaycan klubları Konfrans Liqasında cavab oyunlarına çıxır


Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan klubları - "Neftçi", "Qəbələ" və "Zirə" cavab oyunları keçirəcək.
Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan "Fehervar"ını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edəcək. "Qırmızı-qaralar" ilk görüşdə 1:4 hesabı ilə uduzublar.
"Neftçi" "Bakcell Arena"da Kipr "Aris"ini sınağa çəkəcək. Saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olacaq. "Ağ-qaralar" Larnakadakı ilk matçda məğlub olub - 0:2.
"Zirə" isə İsraildə "Makkabi" (Təl-Əviv) komandasının qonağı olacaq. "Blumfild" stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyacaq. "Qartallar" Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, "Qəbələ" - "Fehervar" cütünün qalibi III təsnifat mərhələsində “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) oyununun güclüsü, "Neftçi" - "Aris" cütünün qalibi “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü, "Makkabi" - "Zirə" cütünün qalibi isə Yunanıstanın "Aris" (Saloniki) klubu ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top