“Son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb. İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib. Məlumatda deyilir:
“Belə ki, sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək".