İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılmışdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilib.
Saxlanılan şəxslərin Şəki rayon sakinləri 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus “Priora” markalı 99 KG 752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyən edilib. Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə “maruxuana”ya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülmüşdür.
Hazırda Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.