Azərbaycan Milli Elmlər Akademiyasının professoru, filologiya elmlər doktoru Möhsün Nağısoylu AzTV-nin AMEA barədə hazırladığı tənqidi süjetə münasibət bildirib.
Bu barədə Yeniavaz.com-a danışan M. Nağısoylu bildirib ki, AMEA haqqında irad bildirənlər elmdən uzaq insanlardır:
“Açığı mən bu video süjetə tam şəkildə baxmamışam. Amma əlbəttə ki, fikirlərimi sizinlə bölüşə bilərəm. Mən 1972-ci ilin fevralından etibarən AMEA-da fəaliyyət göstərirəm. Uzun müddət Əlyazmalar instutunda işləmişəm. Azərbaycan Milli Elmlər Akademiyası elm məbədgahıdır, ölkəmizin milli sərvətidir. Ola bilsin ki, AzTV həmin süjeti qərəzli məqsədlə çəkib. AMEA Azərbaycan elminə lazımlı bir qurumdur. O ki qaldı, insanların AMEA-nın fəaliyyəti ilə bağlı bildirdiyi iradlara, mən belə düşünürəm ki, bu cür insanlar elmi fəliyyətdən məlumatı olmayan, elmdən uzaq insanlardır.”
Mövzu ilə bağlı AMEA-nın Zoologiya instutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Nadirli də fikirlərini bizimlə bölüşüb:
“Yay aylarında akademiyada çalışan elmi işçilər tez-tez təcrübələr keçirmək məqsədilə 10-15 gün müddətində müəyyən ərazilərə gedirlər. Mənim çalışdığım Zoologiya İnstutunda adətən bu aylarda bu cür ekspedisiyalar tez-tez baş tutur. Digər şöbələrdə çalışan əməkdaşlar isə əsasən yay mövsümündə onlar üçün nəzərdə tutulan məzuniyyət vaxtlarından istifadə edirlər. Mən Akademiyada elmi işçilərin az olmasını bununla əlaqələndirirəm. Akademiyada çalışan yaşlı elmi işçilərin çoxluğu məsələsinə gələndə isə mən demək istəyirəm ki, AMEA-da son illər gənc elmi işçilərin sayı kifayət qədər artıb. Hətta mən deyərdim ki, bəzi instutlarda və şöbələrdə gənc elmi işçilər üstünlük təşkil edir”.
Nazim Hacıyev