Qarabağda minalanmış ərazilərdə taxıl əkilir? – Video


Xəbər verdiyimiz kimi, iyulun 14-də Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində “Azərsun Holdinq"ə məxsus yük avtomobili tank əleyhinə minaya düşüb. Hadisə ilə bağlı açıqlama verən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) və Cəbrayıl rayon prokurorluğunda bildirilib ki, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.
Yeniavaz.com
xəbər verir ki, minaya düşən avtomobilin video görüntüləri yayılıb. İddia olunur ki, minaya düşən avtomobil “Azərsun Holdinq"ə məxsus olan həmin avtomobildir. ANAMA hadisənin baş verdiyi ərazinin minalardan təmizlənmədiyini bildirsə də, videoda açıq şəkildə görülür ki, minaya düşən avtomobilin yaxın ətrafında taxıl biçini həyata keçirilir. Partlayışın baş verdiyi ərazi ilə taxıl biçininin aparıldığı ərazi olduqca yaxın olmaqla bərabər onların arasında hər hansı bir qadağanedici işarə görünmür.
Maraqlıdır ki, işğaldan azad olunan ərazilərdə, xüsusən də minalardan təmizlənmədiyi sahələrə yaxın ərazilərdə “Azərsun Holdinq"ə kənd təsərrüfatı fəaliyyətilə məşğul olmasına hansı qurum və hansı əsaslarla icazə verib?
Məsələ ilə bağlı “Azərsun Holdinq"dən açıqlama almağa çalışsaq da telefon zənglərimizə cavab verilmədi.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məsələ ilə bağlı Yeniavaz.com-a bildirdi ki, hadisə qeyri-əkin sahəsində baş verib: “Hadisənin baş verdiyi yerdə görünənlər ot-ələfdir. Sürücüyə qadağan olunmuş əraziyə daxil olmaması üçün xəbərdarlıq edilib. Ərazidə işləyənlərə ANAMA  tərəfindən əvvəlcədən təlimatlar verilib. Hadisə sürücünün səhlənkarlığı üzündən baş verib”.
Vüqar Hüseynov işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə icazənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmədiyini bildirdi.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top