Şuşadakı konfransda media rəhbərləri içib dava salıblar?


“Dərinləşən” media islahatlarının davamı kimi Şuşada keçirilən, xarici media nümayəndələrinin də iştirak etdiyi Beynəlxalq Media Forumda dava düşdüyü iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, Time TV bu barədə orda iştirak edən jurnalistlərdən birinin onlara məlumat verdiyini bildirib. İddia olunub ki, Azərbaycanın nüfuzlu mətbuat orqanlarının rəhbər şəxsləri spirtli içki qəbul etdikdən sonra hərəkət və davranışlarına nəzarəti itiriblər.
Mətbuat orqanı 4 jurnalistin hadisənin baş verdiyini təsdiqlədiyini yazıb:
“Jurnalistlər bildiriblər ki, Şuşada, İsa bulağında Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev, Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud və şoumen, "Xəzər TV"-nin rəhbəri Murad Dadaşov tədbirdən öncə və sonra davamlı olaraq alkoqollu maddələr qəbul ediblər. Nəticədə hərəkətlərinə nəzarəti itirib bir-birləri və ətrafdakılarla mübahisə ediblər. Sərxoş vəziyyətdə hər kəsin yanında söyüşlər söyməkdən çəkinməyiblər.
Bu olaya etinasız qalmayan Şuşa komendantının müşaviri Zaur Həsənov onlara, - “Burda igidlərimiz şəhid olub, heç olmasa, onların ruhu xatirinə ədəbli olun”, - deyib sakitləşdirməyə çalışsa da, Eynulla Fətullayevlə Elbrus Ərud onu da, şəhidləri də ağır söyüşlərlə təhqir ediblər.
Bu hadisələr prezidentin köməkçisi Hikmət Hacıyevin, digər rəsmilərin, bir sözlə, bütün qonaqların gözü qarşısında baş verib.
Hətta tədbirdə iştirak edən qazilərin xahişlərini də dinləməyiblər.
Uzun mübahisədən sonra onları sərxoş vəziyyətdə hotelə yerləşdiriblər”.
Eynulla Fətullayev isə özünün “Facebook” səhifəsində hadisənin baş verdiyini təkzib edib və bu xəbəri mətbuata ötürənləri trol və onların kuratorları adlandırıb:
“Hörmətli trolların və onların kuratorlarının nəzərinə!
Tədbirdən sonra kiçik ziyafət oldu. Bu gün səhərdən, trollar və onların kuratorları bu ziyafətə, xüsusilə bizim masaya tərəf diqqəti yönəltməyə cəhd edir.
Əslində, nə baş verib? Masada mən, həmkarlarım və dostlarım Murad Dadaşov, Elbrus Ərud və Üzeyir Cəfərli əyləşmişdi. Bu arada masamıza Elbrus Ərudun dəvətilə Şuşa qoruğunun əməkdaşı Zaur Həsənov gəldi. Mən həmkarlarıma Şuşa şəhərinin başçısı Aydın Kərimovun müxalifətdəki, sonra Bakı portundandakı fəaliyyətindən bəhs edirdim. Bu fikirlərim Zaur Həsənovun xoşuna gəlmədi və o, etirazını bildirmək istəyərkən, ondan xahiş etdim ki masamızı tərk etsin. Əhvalımızı pozmasın… Sonra təkidlə xahiş etdim. Və məmur çıxıb getdi. Bu qədər bəsit. Bir halda ki, kuratorlar bu xırda, “məişət” söhbəti ətrafında trol hücumu sifariş veriblər, o zaman heç olmasa əhvalatı olduğu kimi təqdim edin. Onsuz da gördüyünüz digər işlər kimi bu trolling də effektsizdi. Sizdən fərqli olaraq mən hədəfi həmişə sərrast vururam, bunu nəzərə alın! Hələlik bu qədər”.
Jurnalist və Gununsesi.org saytının baş redaktoru Pərviz Həşimli də hadisənin şahidi olduğunu bildirib:
“Şuşada Eynulla ilə Zaur adlı oğlanın söhbətinə mən də şahid oldum. Birincisi, iki nəfər mübahisə edirsə, hətta dalaşırsa belə şəhidi niyə söyməlidir? Bir də bu ölkədə şəhidi söyəcək cəsarətdə kim ola bilər? Belə adam elə yerindəcə tapdalanar.
Bu səfərdə şəhid övladı Zaur Əhməd də vardı. Elbrus Ərudla Murad Dadaşova gəlincə, gördüklərimi deyirəm. Murad Dadaşov Eynullanı təmkinli olmağa çağırır, mübahisə doğuran mövzunun yerinin olmadığını deyirdi. Təkidlə Eynullanı yumşaltmağa çalışdı. Elbrus isə bir gün əvvəlki gecənin yuxusuzluğu və şərabın təsirindən “sönmüşdü”. Masada yatırdı, nə danışıldığını belə eşitmirdi.
Gəlin, obyektiv olaq”.

DİGƏR XƏBƏRLƏR

Top