Macarıstan Avropa Komissiyasının (AK) 2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər qaz istehlakını 15% azaltmaq planına qarşı çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Aİ-nin bir neçə ölkəsinin diplomatları çərşənbə günü müvafiq sənədin dərcindən az sonra AK-nin təklifindən narahat olduqlarını bildiriblər. Bildirilir ki, əsas problem bəzi üzv dövlətlər fövqəladə vəziyyətin mümkün tətbiqindən narahatdırlar.Avropa Komissiyası tərəfindən istehlakın azaldılması üçün məcburi hədəflərin müəyyən edilməsinin qanuni olması ilə bağlı şübhələr də mövcuddur.
Macarıstan xüsusilə Rusiya ilə əlavə qaz alışı ilə bağlı danışıqlar apardığını bəyan edib. Cümə axşamı Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra mətbuat konfransında çıxış edən xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto bildirib ki, Budapeşt tezliklə Rusiyadan əlavə həcmdə təbii qazın alınması ilə bağlı razılığa gəlmək istəyir.
Xatırladaq ki, çərşənbə günü Avropa Komissiyası, Aİ ölkələrinin 2023-cü il martın 31-dək qaz istehlakının könüllü olaraq 15% azaldılması planlarını təqdim etməli olduqlarını bildirən sənəd yayımlayıb.