Aynur Elgünəşin filmi Sarayevo Film Festivalında


Azərbaycanın sənədli filmi Sarayevo Film Festivalının proqramına daxil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə filmin rejissoru, jurnalist Aynur Elgünəş bildirib.
Jurnalist Aynur Elgünəşin ilk dəfə rejissorluğunu etdiyi "Çinar ağacının kölgəsində” ("Shadowed by the plane tree”) ekran işi festivalın sənədli film müsabiqə proqramına salınıb.
"Çinar ağacının kölgəsində” qısametrajlı hibrid sənədli film rejissorun şəxsi hekayəsidir.
 Müəllif Aynur Elgünəş yeniyetməykən köçkün düşdüyü Ağdam şəhərinə 28 il sonra jurnalist kimi qayıdır, film boyu Ağdam küçələrində uşaqlığının izlərini axtarır, dağıntılar altında qalmış xatirələrinə səyahət edir.
On səkkiz dəqiqəlik filmin prodüsseri jurnalist və rejissor Durna Səfərova, operator və montajçısı Mətləb Muxtarovdur.
"Çinar ağacının kölgəsində” ümumilikdə 751 film arasından seçilib və builki festivalda nümayiş olunacaq yeganə Azərbaycan filmidir.
Filmin premyerası da elə festivalda reallaşacaq.
Festivalda Albaniya, Ermənistan, Avstriya, Azərbaycan, Bosniya-Hersoqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Yunanıstan, Gürcüstan, Macarıstan, Kosovo, Şimali Makedoniya, Malta, Moldova, Monteneqro, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə və Ukraynadan olan film və kinematoqrafçılar qatılıb.
28-ci dəfədir ki, təşkil olunacaq festivalın dörd müsabiqə bölmündə – bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə ümumilikdə 51 film "Heart of Sarayevo” ("Sarayevonun ürəyi”) mükafatları uğrunda mübarizə aparacaq.
Təşkilatçıların bildirdiyinə görə, bu il festivala 160 bədii, 211 sənədli, 240 qısametrajlı və 140 tələbə adı daxil olmaqla 751 film təqdim edilib.
"Çinar ağacının kölgəsində” festivalın sənədli film bölməsində iyirmi iki film yarışacaq.
"Xurmalar yetişәn vaxt” filminə görə 2019-cu ildә Sarayevo Film Festivalının "Әn yaxşı sәnәdli film” mükafatını qazanmış azərbaycanlı rejissor Hilal Baydarov isə bu il "Sәnәdli film” müsabiqәsinin üç münsif üzvündən biri olacaq.
Digәr iki jüri üzvü isә gürcü rejissor Salome Jashi vә Margje De Koningdir.
1995-ci ildən Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilməyə başlayan bu festival Cənub-şərqi Avropanın genişmiqyaslı kino tədbiri hesab olunur.
İlk festival 25 oktyabr- 5 noyabrda Sarayevo mühasirəsi zamanı keçirilib.
Həmin vaxt 15 min tamaşaçısı olan festivalın hazırda auditoriyası 100 mindən çoxdur.
Bosniyadakı müharibənin izlərini silmək və Sarayevonu yenidən mədəniyyət və sənət mərkəzinə çevirmək məqsədilə təşkil olunan Sarayevo Film Festivalına indiyə kimi – aktyorlar Robert de Niro, Ancelina Coli, Bred Pitt, Orlando Blum, Daniel Kreyq, Con Malkoviç, rejissor Nuri Bilge Ceylan kimi məşhurlar qatılıblar.
Builki festival avqustun 12-dən 19-dək keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top