Bloger Əvəz Hafizlini qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs özünü ittihamlarda təqsirli bilib.
Əmrulla Güləliyev bildirib ki, dəfələrlə Əvəz Hafizli ilə mübahisələri olub: “Əvəz ögey əmim oğlum idi. Dedim ki, yolundan qayıt. Həmin gün də aramızda mübahisə yarandı. Onu öldürmək istəmirdim. Hər dəfə başa salırdım ki, yolundan qayıtsın. Hər dəfə deyirdim ki, nəslimizin adını batırma. O, isə qulaq asmırdı. Mən əmimgildə qalırdım. Əvəz də əmimgillə bir həyətdə, amma ayrı evdə yaşayırdı. Daimi yaşayış yerim yoxdur. Həmin gün Əvəzgilə getdim, ona axırıncı xəbərdarlıq elədim ki, bu yoldan qayıdacaqsan. O, isə mənə dedi ki, bu mənim sənətimdir, get işinlə məşğul ol. Mən də əsəbiləşdim, Əvəzin evində mətbəxdən bıçağı götürüb birinci bıçağı həyətdə, sonra isə evdə vurdum. Həmin vaxt özümdə deyildim. Neçə bıçaq vurdum, harasına vurdum bilmədim. Evdə heç kim yox idi deyə səsə də gələn olmadı. Öldürüb çıxdım. Əməlimdən peşmanam, gərək öldürməyəydim”.
Əvəz Hafizlinin boyun nahiyəsinin kəsilməsinə gəlincə isə, təqsirləndirilən şəxs bildirib ki, onun başını kəsmək istəməyib: “Birinci o məni vurdu, mən də onu bıçaqla vurdum. Bıçaq boyun nahiyəsinə dəydi. Əslində o məni söyməsəydi, öldürməyəcəkdim. Məni döydüyü üçün vurdum. Mənə dedi ki, öz işim, öz həyatımdı. Sonra da söyüş söydü. Ən əsası küçədə, qəsəbədə gəzə bilmirdim”.
Prosesdə təqsirləndirilən şəxsin istintaqa ifadəsi elan olunub.
İfadədə bildirilib ki, hadisədən 3 ay əvvəl o, Əvəzi öldürmək qərarı verib. Hadisə günü o Balaxanıda əmisi oğlunun işlədiyi dükana gedib, ondan evdə kiminsə olub olmadığını soruşub. Əmisi oğlu bildirib ki, Əvəz evdə təkdir, həyətdə yaşayanlar hamısı rayona gedib. Əmrulla Güləliyev bundan sonra bıçağı götürüb xəbərsiz Əvəzgilə gedib. Onu həyətə çağırıb yerə yıxıb, boğazına xəsarət yetirib. Daha sonra onun bədəninin müxtəlif istiqamətlərindən bir neçə bıçaq vuraraq onu öldürüb. Daha sonra o polisə gedərək təslim olub.
Prosesdə ifadə verən Əvəz Hafizlinin qardaşı Təbriz Şıxməmmədov bildirib ki, hadisə vaxtı rayonda olub: “Əmrulla ilə bir həyətdə böyümüşük. Əmrullanı biz qardaş kimi bilmişik. Əvəzin bu işlə məşğul olmasından xəbərim olmayıb. Əmrulla ilə Əvəz arasında nə mübahisə olduğunu bilmirdik. Şikayətimiz yoxdur. Bu gün də Əmrullanın ailəsi ilə problemimiz yoxdur. Biz iki qardaş, bir bacı olmuşuq, Əmrulla da bizimlə böyüyüb deyə ona da qardaş deyirdik. Əvəzin nə işlə məşğul olduğunu bilmirdik. Evdən çıxıb gedirdi, bir müddətdən sonra gəlirdi. Bizə heç nə demirdi”.
Məhkəməyə dəvət olunan zərərçəkmiş Əvəz Hafizlinin hüquqi varisi olan anası Cəmalə Şıxməmmədova isə bildirib ki, rayonda eşidib ki, Əmrulla Əvəzi qətlə yetirib: “Mən onun öz balamdan ayırmamışam. Əvəz yaxşı uşaq idi. Əmrulla ilə danışmırdı. Əvəzin geyimində fərq var idi. Bu biri uşaqlardan fərqli geyinirdi. Səhər gedib axşam gəlirdi. Heç kimlə işi yox idi. Mən səhər-səhər rayona gedəndə Əvəz yatmışdı, qayıdanda meyitini gördüm. Aralarında heç bir mübahisə olmayıb. Əmrulla Əvəzi yatdığı yerdə öldürüb. Bütün yorğan döşək qan içində idi. Əmrullaya ən ağır cəza istəyirəm. O günahsız balamı öldürüb”.
Əvəz Hafizlinin əmisi Ceyhun Şıxməmmədov bildirib ki, qətlə yetirilən şəxslə 5 ildir ki, münasibəti olmayıb. O bildirib ki, Əvəz Hafizli ilə münasibəti kəsib. Qətli isə hadisə günü rayonda eşidib.
Məhkəmədə ifadə verən Xəyal Mirzəliyev isə deyib ki, Əvəz Hafizli və Əmrulla Güləliyev onun dayısı oğlanlarıdır: “Hadisə vaxtı Savalan qəsəbəsindəki evimdə idim. Zəng vurdular ki Əmrulla Əvəzi öldürüb”.
Prokuror bildirib ki, Əvəz Hafizlinin qardaşı və anası zərərçəkmişin hüquqi varisi kimi tanınıb. Ona görə də Əvəz Hafizlinin anası Cəmalə Şıxməmmədovaya oğlunun zərərçəkmişin hüquqi varisliyindən çıxarılmasını təklif edib.
C. Şıxməmmədova bunun üçün məhkəmədən vaxt istəyib.
Proses iyulun 25-də davam etdiriləcək.
Xatırladaq ki, bu ilin fevral ayında Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.