Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər sakini 75 yaşlı Solmaz Hacıyeva haqqında küçə heyvanlarına yem verərkən antisanitar şərait yaratdığı üçün protokol tərtib olunmuşdu.
Yeniavaz.com xəbər verir ki, ona yazılan cərimənin Daxili İşlər Nazirliyi tərəfindən ödənildiyi bildirilir. Bu zaman qadının 75 yaşında və aztəminatlı şəxs olması nəzərə alınıb.
Həmçinin qadına ərzaq yardımı edilib və pişikləri yemləməsi üçün ona heyvan qidaları verilib.
Bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb:
Qeyd edək ki, S.Hacıyeva qonşuların etirazına baxmayaraq həmin ərazidə küçə heyvanlarına yem verərkən antisanitar şəraitin yaranmasına səbəb olub. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə qonşular tərəfindən edilən çoxsaylı müraciətlər əsasında Solmaz Hacıyeva barəsində İXM-nin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulduğuna görə) protokol tərtib olunub və sakinlərin istəyinə uyğun şəkildə ərazidə antisanitar vəziyyət aradan qaldırılıb.