Gömrük generalının həbs olunma səbəbi bilindi


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlu Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.
Yeniavaz.com
DTX-nin yaydığı məlumata istinadla xəbər verir ki, gömrük general-mayoru E. Xəlilovun xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qanunvericiliklə müəyyən edilmiş gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb.
Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top