Prezident qazilərlə bağlı yerlərdəki məmurlara səsləndi


“Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub”.
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda böyük işlər görülüb:
“Hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.
Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın ola yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək”.

DİGƏR XƏBƏRLƏR

Top