Bir neçə günə eyni ünvanda 5 şirkət yaradıb 300 minlik tenderlərin qalibi oldu


2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən "Yufon-Ko" MMC (VÖEN- 1703281211) 2 nömrəli Bakı Baza Tibb Kollecinin sifarişilə abadlaşdırma xidmətləri göstərəcək və qarşılığında 16 min 791 manat alacaq.
Məlumat üçün bildirək ki, "Yufon-Ko" MMC eyni zamanda “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nə 143 min 116 manat dəyərində də xidmətlər təqdim edəcək. Bu xidmətlərə dəyirmi masaların təşkil olunması, “İctimai səhiyyə” adlı feysbuk canlı yayınların təşkili, Tütün üzrə maarifləndirici tədbirlər, “İctimai sağlamlığın əsasları”, Klinik protokollar və Ailə, uşaq və qadın komitə ilə birgə təlimlərin keçirilməsinin təşkili, EBMG protokollarının yenilənməsi, Simptomların yoxlanması proqramının prototipinin tətbiqi, Reproduktiv sağlamlıq tətbiqinin təkmilləşdirilməsi, Qurd invaziyası hallarının azaldılması, “COSİ” layihəsi üçün təhlil işlərinin aparılması, Ümumdünya Ürək günü, Diabet günü və Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbirlərin təşkili daxildir.
Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, son bir ayda 160 min manatlıq 2 tenderin qalibi olan şirkət tender elanından cəmi 20 gün əvvəl dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan "Yufon-Ko" MMC 13 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” isə tender elanının 5 may tarixində açıqlayıb. Hüquqi ünvanı “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” yerləşən şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil. MMC-nin qanuni təmsilçisi Kərimov Bəxtiyar Əvəz oğludur. 
Qeyd edək ki, aprel ayında “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında Kərimov Bəxtiyar Əvəz oğlunun qanuni təmsilçi olduğu  "Bosfor LM" , “Ural As Servıs”, “Tean LM” və “Qurman TV Servs” adlı daha 4 şirkət qeydiyyatdan keçirib.
Bu şirkətlərdən biri - "Yufon-Ko" MMC ilə eyni gündə (13 aprel 2022-ci il) tarixində dövlət qeydiyyatına alınan "Bosfor LM" MMC (VÖEN-703281341) son bir ayda 2 nömrəli Bakı Baza Tibb Kollecinin 15 min 769 manat 69 qəpiklik, “Azərbaycan Dəmir Yolları” QSC-nin 30 min 705 manatlıq,  AMEA-nın 32 min manatlıq, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin isə 53 min 537 manat 50 qəpiklik tenderində qalib olub.
Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender elanından cəmi bir-iki ay əvvəl eyni şəxs tərəfindən, eyni ünvanlarda yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin eyni qurumların keçirdiyi tenderlərdə necə qalib olduğu aydın deyil.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top