Son zamanlar Mingəçevir şəhərində məhəllələrarası idman yarışlarına böyük diqqət yetirilir. Belə yarışlardan biri iyunun 14-dən start götürən müxtəlif idman növləri üzrə məhəllələrarası şəhər birinciliyidir.
Yeniavaz.com xəbər verir ki, yarışlara 15 iyulda Aşıq Qurbani küçəsindəki stadionda yekun vurulub.
Mini futbol, şahmat və idmanın digər növləri üzrə təşkil olunan yarışlar Mingəçevir şəhər İcra Hakimiyyəti və şəhər Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Son mərhələdə mini futbol yarışının final mərhələsi baş tutub.
Məlumat üçün bildirək ki, bu yarışlarda 16 komanda iştirak edib. Azərbaycan İES yaşayış massivində bir qrup təşkil olunub və burada 4 komanda mübarizə aparıb. Şəhərin digər məhəllələrində də gərgin oyunlar keçirilib. Yarımfinal mərhələsinə 1, 3, 8 nömrəli MİS-lərlə bərabər Azərbaycan İES yaşayış massivinin mini futbolçuları da vəsiqə qazanıblar. Final mərhələsinə isə 1 və 3 nömrəli MİS-lərin idmançıları çıxıblar. Daha yaxşı çıxış edən 3 nömrəli MİS-in idmançıları birinci yerə layiq görülüblər. 3-cü və 4-cü yer uğrunda mübarizədə qalib gələn 8 nömrəli MİS-in komandası 3-cü yeri tutub.
Bundan əvvəl isə şahmat üzrə yarışlara yekun vurulub. Bu yarışlara şəhərin 60 idmançısı, oğlan və qızlar üzrə ayrı-ayrlıqda yarışlara qoşulub. 3 oğlan, 3 qız şahmatçılara medallar, kubok və qiymətli hədiyyələr verilib.
Yarışların yekun mərhələsində iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər Gənclər İdman İdarəsinin rəisi Kamal Nəcəfli qalibləri təbrik ediblər. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və eləcə də Mingəçevirdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan bəhs edib, qalibləri əldə etdikləri uğurlara görə təbrik edib. İcra başçısı eyni zamanda fəxri kürsünün yüksək pilləsini tutan idmançılara kubok, medallar və qiymətli hədiyyələr verib.
Esmira Hidayətova, Mingəçevir